ABŞ-ın yüksək vəzifəli şəxsləri prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik ediblər

ABŞ-ın yüksək vəzifəli şəxsləri prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik ediblər
# 10 oktyabr 2013 21:57 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, Nyu Meksiko ştatından Konqresin üzvü Mişel Lujan Qrişam təbrik məktubunda ABŞ və Azərbaycanın ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlığa malik olduğunu qeyd edib. Mişel Lujan Qrişam ölkələrimizin ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın və tərəqqinin təbliği üçün birlikdə işlədiklərini qeyd edərək Azərbaycanın ABŞ ilə təhlükəsizlik və iqtisadi sahələrdə uzunmüddətli tərəfdaşlığını çox yüksək qiymətləndirib. Konqresin üzvü İlham Əliyevin növbəti prezidentlik müddətində ölkələrimizin regional sabitlik, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və demokratik dəyərlərlə bağlı maraqlarının olunmasında əməkdaşlığının davam edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

ABŞ Konqresinin üzvü Gin Qrin isə Xəzər regionunun və Qərbi Asiyanın inkişafına Azərbaycanın verdiyi töhfələri xüsusi qeyd edib. O, gənc demokratik ölkə kimi Azərbaycanın bundan sonra da uğurlu islahatlar həyata keçirməyə davam edəcəyinə və insan hüquqlarının müdafiəsini artıracağına ümidvar olduğunu bildirib. “Yaratdığınız güclü yerli müəssisələr sübut edib ki, Xəzər bölgəsinin parlaq ulduzlarından biri kimi iqtisadi inkişafa və sabitliyə təkan vermək üçün Azərbaycan bu vacib məsələlərdə müsəlman dünyasının aparıcı səsinə çevrilmək imkanına malikdir”, deyə Gin Qrin təbrik məktubunda qeyd edib.

ABŞ Konqresinin üzvü Leonard Lans isə təbrik məktubunda qeyd edib ki, ölkədə ümumxalq seçkilərinin keçirilməsi demokratik prosesin ayrılmaz hissəsi, Azərbaycan xalqının fəxr etməli olduğu bir nailiyyətdir. O, Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşı olduğunu qeyd edərək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində lider ölkə olduğunu vurğulayıb: ““Cənub” qaz dəhlizinin Avropa marşrutu kimi Trans-Adriatik boru kəmərinin seçilməsi Sizin bu layihəyə verdiyiniz önəmin sübutudur”.

Bundan başqa, senator Rocer Viker, Nyu-Meksika ştatının qubernatoru Susana Martinez, Oklahoma ştatının qubernatoru Meri Folin də İlham Əliyevi yenidən Azərbaycanın prezidenti seçilməyi münasibətilə təbrik edərək, ABŞ və Azərbaycan arasında strateji və dinamik tərəfdaşlıq əlaqələrin qurulduğunu qeyd ediblər. Onlar regiondakı və dünyadakı ümumi strateji maraqlara uyğun olaraq Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşı olduğunu bildiriblər və Azərbaycana Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mühüm üzvü kimi Əfqanıstanda göstərdiyi dəstəyə və bütün dünyada beynəlxalq terrorizmlə mübarizədə davamlı yardıma görə təşəkkür ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR