İran prezidenti BMT baş katibinin qərarını tənqid edib

İran prezidenti BMT baş katibinin qərarını tənqid edib
# 24 yanvar 2014 14:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Davosda dünyanın bir çox telekanallarına müsahibə verib, bir sıra panellərdə çıxışlar edib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Həsən Ruhani İsveçrənin RTS dövlət televiziyasına müsahibəsində bildirib ki, ABŞ İranın qanuni haqqını rəsmi şəkildə tanıdığı təqdirdə, İran bu addıma müsbət cavab verəcək.

Onun sözlərinə görə, İran və ABŞ arasındakı mövcud problemlər bir gündə həll edilməyəcək: “Məsələlərin həllinə və gələcəyə müsbət yaxınlaşmaq lazımdır. Siyasət aləmində heç bir şey qeyri-mümkün deyil. Dünya səviyyəsində daha yaxşı sülhün təmin edilməsi və dünya xalqlarını yaxınlaşdırmaq üçün hər kəsin səy göstərməsi lazımdır. Qarşılıqlı hörmət və mənfəətlər daxilində doğru olan məqsədlərə çatıla bilər”.

H.Ruhani İranla ABŞ arasında keçmişdən qalan problemlərə də toxunaraq, dünyada heç bir şey qeyri-mümkün olmadığını və böyük məqsədlərə çatmaq üçün işləmək lazım olduğunu deyib: “Heç bir düşmənçilik və ya dostluq əbədi deyil. Düşmənçilikləri dostluğa çevirmək üçün hər kəsin səy göstərməsi şərtdir. İran bütün xalqlara dostluq və sülh əli uzadaraq onlarla yaxşı əlaqələr qurmağın tərəfdarıdır”.

İran prezidenti ABŞ-ın CNN telekanalına müsahibəsində isə dünya ölkələrinin liderlərindən və rəsmilərindən xalqına qarşı hörmətlə yanaşmasını tövsiyə edib: “İran təhdidlərdən qorxmur və İran qarşısında təhdid dili təsirsizdir. İrana qarşı tətbiq edilmiş sanksiyalar qeyri-qanunidir və qanunvericilik iddiasında olan ABŞ Konqresi beynəlxalq qanunları pozmamalıdır. Bu sanksiyalar sonda Nüvə silahlarının istehsalı və onun yayılmasını qadağan edən Müqaviləsinin (NPT) zəifləməsinə, beynəlxalq qanun və konvensiyaların təsir gücünün azalmasına səbəb olacaq. Heç bir ölkə başqa bir ölkənin yerinə qərar qəbul edə bilməz”.

H.Ruhani deyib ki, İranın ABŞ-a etimadsızlığı dərin köklərə malikdir: “Ötən 30 ildə ABŞ-da iqtidara gələn müxtəlif dövlətlərin siyasətlərini nəzərə alaraq, İran xalqı xeyli nigarandır və bu ölkəyə etimadı yoxdur”.

İran prezidenti nüvə fəaliyyətlərinin milli qürur olduğunu söyləyib: “İran heç bir vəchlə hazırda mövcud olan sentrifuqalarının sökülməsinə icazə verilməyəcək”.

H.Ruhani vurğulayıb ki, Suriyadakı böhrana münasibət bildirib: “Suriya məsələsi yalnız seçkilər yolu ilə və bu ölkə xalqının rəyi ilə həll edilməlidir. Suriya xalqının seçkisi bütün ölkələr tərəfindən qəbul edilməlidir”.

İran prezidenti “Euronews” telekanalına müsahibəsində BMT baş katibi Pan Gi Munun Suriya konfransı ilə bağlı İrana göndərdiyi dəvəti geri çəkməsini də tənqid edib: “Bu qərarın alınması ilə itirən tərəfin özü yenə də BMT-dir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR