«Azərsu» ASC-nin sədri: «Azərbaycanda əhalinin 55%-i fasiləsiz içməli su ilə təmin edilir»

«Azərsu» ASC-nin sədri: «Azərbaycanda əhalinin 55%-i fasiləsiz içməli su ilə təmin edilir»
# 06 fevral 2014 11:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr icra olunur. «APA-Economics»in məlumatına görə, bunu regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin şəhərlərin 38-də tikinti işlərinə başlanılıb, 14-də isə layihə-smeta işləri başa çatdırılıb və tikintiyə hazırlıq görülür: «Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə, bu rayon mərkəzlərində yaşayan 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alır».

Q.Hüseynov bildirib ki, regionlarda həyata keçirilən layihələr hazırlanarkən əhali artımı, sənayenin inkişafı, turizm potensialı, ekoloji tarazlıq və digər amillər əsas götürülüb: «Əsasən şəhərlərin su mənbələri seçilərkən, ehtiyatları bol olan və daha çox yaşayış məntəqələrini əhatə edəcək mənbələrə üstünlük verilib».

Dövlət proqramları çərçivəsində «Azərsu» tərəfindən regionlarda 3 430 km içməli su xətti, 1 225 km kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd su anbarı, 39 ədəd su və kanalizasiya-nasos stansiyaları tikildiyini deyən Q.Hüseynov qeyd edib ki, proqramların icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26%-i fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55%-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR