“PASHA Bank - Georgia” nizamnamə kapitalını kəskin artırıb

“PASHA Bank - Georgia” nizamnamə kapitalını kəskin artırıb
# 07 may 2014 12:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu il “PASHA Bank - Georgia” (“PAŞA Bank”ın Gürcüstanda törəmə strukturu) nizamnamə kapitalı 32 mln. manat artırılıb. Bununla da, ilkin kapitalı 15 mln. manat ətrafında olan bankın Gürcüstanda törəmə strukturunun nizamnamə kapitalı 47 mln. manata (103 mln. lari) çatıb.

APA-Economics”in məlumatına görə, “PAŞA Bank”ın Baş Maliyyə İnzibatçısı Şahin Məmmədov bildirib ki, bununla da bankın Gürcüstandakı nümayəndəliyi qonşu ölkədəki 21 bank arasında ilk onluğa daxil olub.

“Bəli, 2013-cü il ərzində bank zərərlə işləyib. Yəni, fəaliyyətinin birinci ili üçün zərərdədir. Bu da normaldır. Amma qeyd etməliyəm ki, büdcə ilə müqayisədə bu zərər 50% daha az olub. Bu dinamikanı biz 2014-cü il ərzində də müşahidə edə bilirik”, - deyə Ş. Məmmədov əlavə edib.

Onun sözlərinə görə, bankın Gürcüstanda törəmə strukturu yeni fəaliyyətə başladığından hələlik pozitiv nəticələrdən danışmaq tezdir.

Qeyd edək ki, “PASHA Bank - Georgia”ya lisenziya 2013-cü il yanvarın 17-də Gürcüstan Milli Bankı tərəfindən verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR