Kütləvi davada üç qardaşdan birini öldürən, ikisini yaralayan şəxslərlə bağlı apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Kütləvi davada üç qardaşdan birini öldürən, ikisini yaralayan şəxslərlə bağlı apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 19 dekabr 2013 13:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Bakı şəhər sakinləri - Knyaz Knyazov, Anar Eminov və Emin Mirzəyevin apellyasiya şikayətləri və istintaq orqanının apellyasiya protesti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.


APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı dekabrın 27-nə təyin edilib.

İttihama görə, ötən ilin 2 mart saat 17:00 radələrində Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 5 saylı binanın qarşısında qəsəbə sakinləri Emin Mirzəyevlə Kamran Xamıyev arasında mübahisə baş verib. Emin Mirzəyev mobil telefonla dostu Cəfər Abbasova zəng vuraraq köməyə çağırıb, bir müddət sonra onların tanışları Cəfər Abbasov, Knyaz Knyazov, Anar, Hüseyn və İlkin adlı şəxslər hadisə yerinə gəliblər. Onlarla Kamran Xamıyev və onun qardaşları Orxan və Fərrux arasında baş vermiş münaqişə zamanı Knyaz Knyazov bıçaqla Orxan Xamıyevə çoxsaylı xəsarətlər yetirib.

Eyni zamanda Fərrux və Kamran Xamıyevlər də müxtəlif xəsarətlər alıblar. Orxan Xamıyev xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən ölüb, qardaşları Kamran və Fərrux isə xəstəxanaya yerləşdiriliblər.

İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, kütləvi davaya səbəb 252 nömrəli orta məktəbdə Kamran Xamıyevin video çəkiliş aparması olub. Məktəbə tədbir çəkməyə gələn Kamrandan Emin Mirzəyev çəkiliş aparmamasını tələb edib. Kamran Eminə onun sifarişi ilə işləmədiyini deyərək çəkilişinə davam edib. Sonra tərəflər arasında mübahisə düşüb. Emin davaya dostlarını, Kamran isə qardaşlarını çağırıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Eminov 11 il, Knyaz Knyazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən Emin Mirzəyevin əməlində cinayət tərkibi olmadığından onun ittiham olunduğu maddə üzrə cinayət işinə xitam verilib.

Anar Eminov və Knyaz Knyazov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) Emin Mirzəyev isə həmin məcəllənin 132-ci (döymə) maddəsi ilə ittiham ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsi, istintaq orqanı isə ağırlaşdırılması tələbi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR