Londonda Kamal Abdullanın “Yarımçıq əlyazma”sının təqdimatı keçirilib - FOTO

Londonda Kamal Abdullanın “Yarımçıq əlyazma”sının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 28 noyabr 2013 08:39 (UTC +04:00)

Bakı – APA. Noyabrın 26-da Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkil etdiyi tədbirdə Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanın “Yarımçıq əlyazma” adlanan yeni kitabının ingilis dilində tərcüməsinin təqdimat mərasimi keçirilib. AAC-dan APA-ya verilən məlumata görə, təqdimat mərasimində həm Azərbaycandan, həm də Londondan olan ədəbiyyatşünaslar, ədəbi tənqidçilər, ictimai xadimlər, diplomatlar, teatrşünaslar, jurnalistlər və kitabsevərlər iştirak edib.

Tədbiri Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter açıb. Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək bildirib ki, professor Kamal Abdullanın əsəri son dərəcə mühüm bir əsərdir: “O, bizi tarixin keçmiş dövrlərinə, hələ Azərbaycanın Rusiya İmperiyasının tərkib hissəsinə çevrilməzdən əvvəlki dövrlərə aparıb çıxarır. Bu kitab azərbaycanlı təfəkkürünün həqiqi çalarlarını əks etdirir”.

Professor Kamal Abdulla isə öz əsəri haqqında aşağıdakıları söyləyib: “Mən kitabımın qəbul olunduğu müsbət auradan çox məmnunam. Bu kitab müasir dövrdən çox əvvəlki Azərbaycan tarixindən bəhs edir. “Kitabi-Dədə Qorqud”un mətni mənim kitabımın mərkəzi xəttini təşkil edir. Bu da oxucuya Azərbaycanın İran və Türkiyə ilə olan qədim əlaqələrini və ölkəmizin tarixini anlamağa imkan verir. Kitabdakı personajlar Azərbaycanda nağıl qəhrəmanları hesab olunur, lakin mən onların insani nöqsanlarını göstərməklə onları realistik üsullarla təsvir etmişəm. Əslində “Yarımçıq əlyazma” kitabı trilogiyanın birinci hissəsidir. İkinci cild də artıq tərcümə olunub, üçüncü isə tərcümə olunmaqdadır”.

Kitabın ingilis dilinə tərcüməçisi Ann Tomson kitabın məzmunundan bəhs edərək “Yarımçıq əlyazma“nın tərcüməsindən zövq aldığını söyləyib: “Azərbaycan tarixinin dərin köklərinə nüfuz edən bu kitabı dərk etməyim onu ingilis oxucusuna çatdırmaqda mənə kömək etdi. Şah İsmayıldan bəhs olunan bölmədə professor tez-tez mürəkkəb bir dillə möhtəşəm ifadələr işlədir ki, onlar Azərbaycan dilinə xasdır, lakin onları ingilis dilinə tərcümə etmək çox çətindir. Hərdən nəyi necə izah etmək və ya səhifənin aşağısında qeyd verməkdə çətinlik çəkirdik, amma öz aramızdır, sonunda biz bunun da öhdəsindən gəldik”.

Təqdimatın ardınca “ALOFF” teatrının aktyorları “Yarımçıq əlyazma” əsərinin bəzi səhnələrini ifa etdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR