Azərbaycanda bank kassa dövriyyəsi 19% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 19% artıb
# 23 yanvar 2014 10:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2013-cü ilin yanvar-noyabr aylarında 34,459 mlrd. manat, məxaric hissəsi isə 35,037 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxili 2012-ci ilin müvafiq dövrünə nisbətən 18,7%, məxarici isə 15,8% artıb.

Beləliklə, 11 ayın nəticələrinə görə, bank kassa dövriyyəsində 578 mln. manat həcmində mənfi saldo yaranıb və bu dövr ərzində 595,1 mln. manat həcmində pul emissiyası həyata keçirilib. İllik müqayisədə pul emissiyası 2 dəfə azalıb.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalarının payına düşür. Bu mənbədən bank kassalarına 21,314 mlrd. manat və ya ümumi mədaxilin 61,9%-i daxil olub. Digər iri mənbələr sırasında 8,065 mlrd. manat həcmində və ya xüsusi çəkisi 23,4% olan hüquqi şəxslərdən daxilolmalar, 2,722 mlrd. manat həcmində və ya xüsusi çəkisi 7,0% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 14,614 mlrd. manat və ya 41,7%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 10,604 mlrd. manat və ya 30,3%, bankomatlara pul qoyuluşunun payına isə 8,884 mlrd. manat və ya 25,4% düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR