“Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminar keçirilib

“Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminar keçirilib
# 05 noyabr 2013 08:20 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycanın qlobal elmi bazaya çıxışı” (Azerbaijan`s access to Global Science Base) mövzusunda seminar keçirilib.

APA-nın xəbərinə görə, tədbirin təşkilatçıları AMEA, “Thomson Reuters” şirkəti və İnformasiya Texnologiyaları İnstitutudur.

Seminarda “Thomson Reuters”in strateji əməkdaşlıq meneceri Filip Pörnel, ULAKBIM-ın (TUBITAK) direktoru Ahmet Kaplan, “MiKRO Bilgi Kayit ve Dagitim” şirkətinin layihə və beynəlxalq satış üzrə direktoru Metin Tunc, həmin şirkətin nümayəndəsi Mehmet Haseki, “Thomson Reuters”in regional satış mərkəzinin meneceri Şahruz Şarifrazi, AMEA institutlarının rəhbərləri, alim və mütəxəssislər, o cümlədən gənc tədqiqatçılar, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev seminarın əhəmiyyətindən danışaraq bildirib ki, müasir dövrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiya olunmaqdır: "Bildiyiniz kimi 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya ili” elan olunub. Bununla bağlı Tədbirlər Planında elmi məqalələrin dünyanın nüfuzlu yüksək indeksli jurnallarında dərcinin təşkili, bu sahədə əməkdaşlıq əlaqələrinin davamlı inkişafı nəzərdə tutulub. İnnovativ elmi nəticələrin əldə olunması baxımından dünya səviyyəsində səmərəli elmi axtarışların aparılmasının vacibdir".

Daha sonra İnstitutun Avropa elmi mühitinə inteqrasiya etdiyini, müxtəlif xarici elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayan R.Əliquliyev “Thomson Reuters”, IEEE, “Springer”, “Elseiver” və s. kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələrindən söhbət açıb.

“AMEA İnformasiya Texnologiyaları İnstitutunda biliklər xəzinəsi üçün texnoloji imkanlar” mövzusunda məruzə ilə çıxış edən R.Əliquliyev böyük biliklər bazasından lazımi informasiyanın əldə edilməsinin mürəkkəb və aktual məsələlərdən olduğunu söyləyib: "İnstitutda biliklər bazasının yaradılması istiqamətində görülən işlər, əldə olunan nəticələr göz önündədir".

Qlobal elmi istinad bazasının (Web of Science) alimlər və elmi qurumlar üçün təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat verən “Thomson Reuters”in strateji əməkdaşlıq meneceri Filip Pörnel dünyanın 100-dən çox ölkəsindən 30 milyon tədqiqatçının bu bazaya elmi, iqtisadi və sosial problemlərin həlli mövzuları ilə əlaqədar müraciət etdiyini bildirib: "Bazanın elmi-tədqiqat, elmi əməkdaşlıq və analitik təhlillər məqsədilə effektiv istifadəsi mümkündür. Bazanın yüksək impakt faktorlu jurnallarının son araşdırmalarına görə, Azərbaycanda aparılan tədqiqatlar, innovasiya fəaliyyəti sürətlə inkişaf edir və bu tədqiqatlara olan istinadlar araşdırmaların qlobal təsirə malik olduğunun göstəricisidir".

ULAKBIM-ın (TUBITAK – Türkiye Bilimsel ve Teknik Araştırma Kurumu) direktoru Ahmet Kaplan “Thomson Reuters”in Türkiyə təcrübəsindən danışıb: "ULAKBIM (Ulusal Akademik Ağ ve Bilgi Merkezi) ölkədəki bütün akademik qurumları birləşdirən milli şəbəkədir. Türkiyədə elm və təhsilin keyfiyyətini artırmaq və elmi nəticələri dünyaya çatdırmaq ULAKBIM-ın əsas hədəflərindəndir".

“MiKRO Bilgi Kayit ve Dagitim” şirkətinin layihə və beynəlxalq satış üzrə direktoru Metin Tunc isə çıxışında bildirib ki, “Thomson Reuters” elmi tədqiqatların nəticələrini təhlil edərək ölkədə innovasiya fəaliyyətinin, impakt faktorlu və patent nəşrlərin inkişafını nümayiş etdirən son tədqiqatları təqdim edir. Əsas məqsəd Azərbaycanın elm adamlarının bu bazadan səmərəli istifadəsini təmin etmək, onun qlobal məkanda rəqabət gücünü artırmaq və elmi potensialını dünya ictimaiyyətinə tanıtmaqdır".

Tədbirin sonunda məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar.

Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd Azərbaycan elmi ictimaiyyətinin sözügedən qlobal elmi bazaya çıxışı, bu bazanın təklif etdiyi xidmətlərin təbliği, həmçinin AMEA və “Thomson Reuters” arasındakı əməkdaşlıq əlaqələrinin Azərbaycan elmi üçün perspektivləri və digər məsələlərin müzakirə edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR