İran Əfqanıstana nota verib

İran Əfqanıstana nota verib
# 09 sentyabr 2013 07:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Əfqanıstana nota verib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm açıqlama verib.

Onun sözlərinə görə, İranın Əfqanıstanın qərbində yerləşən Herat şəhərindəki konsulluğunun binasına hücum faktını kəskin şəkildə pisləyir və qəbuledilməz sayırlar: “Yerli polis və təhlükəsizlik qüvvələrinin məsuliyyətləri gərəyi dərhal hadisə yerində olmaları, qeyri-qanuni toplaşmalara və İran konsulluğuna zərər verilməsi və narahatlıq yaradılmasına icazə verməməsi lazım idi. Artıq belə hadisələrin təkrarlanmaması üçün Əfqanıstan hökumətinin daha çox təhlükəsizlik tədbirləri görməsi zəruridir”.

M.Əfxəm deyib ki, bu hadisə və İranın Heratdakı konsulluğunun təhlükəsizliyinin təmin edilməsinin vacibliyi ilə bağlı Əfqanıstanın Tehrandakı səfiri bəzi məsələlərə aydınlıq gətirməsi üçün Xarici İşlər Nazirliyinə çağırılıb: “Görüşdə İranın söz mövzusu və bənzər hadisələr səbəbindən keçirdiyi narahatlıqlar əfqan diplomata çatdırılıb”.

Qeyd edək ki, sentyabrın 7-də səhər saatlarında bir qrup Əfqanıstan vətəndaşı İranın Heratdakı konsulluğunun binası qarşısında etiraz aksiyası keçirilib. Buna səbəb Əfqanıstan vətəndaşlarının aylardır viza üçün ödədikləri 400 avro məbləğindəki əmanətlərini diplomatik korpusun prosesi gecikdirməsi ucbatından geri ala bilməməsidir. Ona görə də 500-ə yaxın yerli sakin aksiya keçirməklə öz hüquqlarını tələb etmək istəyib. Ancaq piket iştirakçıları konsulluğun binasına daxil olmağa və onu yandırmağa cəhd göstəriblər. Onlar daş və taxta dəyənəklərlə İranın Heratdakı konsulluğunun binasına hücum ediblər. Bu zaman konsulluğun mühafizəçiləri nümayişçilərə atəş açıb. Nəticədə bir nəfərin öldüyü, bir nəfərin də yaralandığı bildirilir. Aksiya Herat təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə başa çatıb. Piket iştirakçıları qarşıdurma zamanı 3 nəfərin öldüyünü iddia etsələr də, Herat xəstəxanasından 1 nəfərin öldüyü, 4 nəfərin isə yaralandığı barədə məlumat verilib. Bundan əlavə, Herat polisi 20 nəfər nümayişçinin həbs edildiyini açıqlayıb. Yerli vətəndaşlar İran konsulluğunun rəsmilərini rüşvət, korrupsiya və ölkələrinə viza satmaq üçün “qara bazar” yaratmaqda günahlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR