Azərbaycanda 250 min hektar ərazidə zərərvericilərin məskunlaşdığı müşahidə olunur

Azərbaycanda 250 min hektar ərazidə zərərvericilərin məskunlaşdığı müşahidə olunur
# 11 mart 2014 16:57 (UTC +04:00)

Füzuli. Teymur Zahidoğlu - APA. Respublika ərazisində 250 min hektar ərazidə tarla siçanlarının yayılması müşahidə olunur.

Bunu APA-nın Qarabağ bürosuna müsahibəsində Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Camal Quliyev deyib.

Onun sözlərinə görə, təxminən 15 min hektarda vəziyyət həddindən artıq ağır hesab olunduğundan siçanabənzər zərərvericilərə qarşı kimyəvi preparatlardan istifadə olunaraq mübarizə aparılıb. 10 min hektarda isə suvarma yolu ilə tədbirlər həyata keçirilib. Hazırda kimyəvi dərmanlarla mübarizə üsulları Füzuli rayonu ərazisində 5000 hektarda aparılır.

C. Quliyev bildirib ki, ərazisinin yarıdan çoxu işğal altında olan Füzuli rayonunda sahibkarların əkin sahələri zərərvericilərin hücumuna məruz qalıb. Onun sözlərinə görə, fermerlərin məsələ ilə bağlı aidiyyəti qurumlara müraciəti cavabsız qalmayıb: "Son iki ildə ölkədə bir milyon hektardan çox əkin sahəsində zərərvericilərin təhlükəlilik dərəcəsinin müəyyən edilməsi üçün fitosanitar müşahidə aparılıb. Bunun nəticəsində əhaliyə məxsus on minlərlə hektar taxıl sahəsi zərərvericilərdən təmizlənib”.

Qeyd edək ki, çəyirtkəkimilər və gəmiricilərin ən çox müşahidə olunduğu sahələr təmas xəttinə yaxın ərazidədir. Bu da düşmən nəzarətində olan ərazilərdə fitosanitar tədbirlərin aparılmaması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR