Azərbaycanda “e-imzalayıcı” proqram məhsulu hazırlanıb

Azərbaycanda “e-imzalayıcı” proqram məhsulu hazırlanıb
# 07 may 2014 10:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron sənədlərin onlayn imzalanması üçün proqram məhsulu (“e-imzalayıcı”) təqdim edir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “e-imzalayıcı” proqramı yalnız “Windows” əməliyyat sistemində işlədiyindən, bu, digər əməliyyat sistemlərini istifadə edənlərə problemlər yaradır və istifadəçiləri ən yaxşı halda “Windows” əməliyyat sisteminə keçməyə məcbur edir.

Qeyd olunan problemləri nəzərə alaraq, MHM-nin mütəxəssisləri yeni texnologiyaların istifadəsi ilə mövcud “e-imzalayıcı” proqramını yenidən qurmaq, əməliyyat sistemləri və brauzerdən asılı olmayan, onlayn imzalanma zamanı istifadəçidən minimal əməliyyat icrası tələb edən, rahat dizayna malik, eyni zamanda mövcud olan sistemə inteqrasiya edilmək imkanında olacaq tam yeni proqram məhsulu hazırlayıblar. Bu proqram məhsulunun köməyi ilə sənədlərin birbaşa olaraq veb üzərindən imzalanması mümkün olmaqla yanaşı, istənilən brauzerlərdə və əməliyyat sistemlərində istifadəsi, elektron sənəd mübadiləsi sistemlərinə tətbiqi mümkündür.

Proqramın hazırlanmasında əsas məqsəd elektron imzanın tətbiq sahəsinin genişləndirilməsi, elektron sənəd dövriyyəsinin sürətləndirilməsi, “e-hökumət” portalı vasitəsilə istifadəçi sahəsinin daha da artırılması və onlara daha asan xidmətin göstərilməsidir.

Onlayn imzalayıcının əsas üstünlükləri əməliyyat sistemindən asılı olmayan iş prinsipi, imzalanmış sənəd haqqında informasiyanın çapı, imzalanmış faylın eksport edilməsi, interfeysin Azərbaycan, rus və ingilis dillərində olması, imzalanma prosesi zamanı imza sertifikatının avtomatik olaraq seçilməsi və sadə interfeys və asan istifadə qaydasından ibarətdir.

Hazırda proqramın demo-beta versiyası “e-imza.az” saytında yerləşdirilib və istifadəçilərimiz proqramdan istifadə edərək onun imkanlarını qiymətləndirə bilərlər. Proqram əlavəsindən istifadə etməklə, müxtəlif korporativ proqram və informasiya sistemlərində sənədləri onlayn, mühiti tərk etmədən imzalanma prosesi aparmaq mümkün olacaq ki, bu isə son nəticədə e-imza həllərindən daha geniş spektrdə istifadəsinə yol açmış olacaq. Onlayn imzalama həmçinin e-imza həllərinin kommersiyalaşmasını, bazarda müxtəlif proqram məhsullarının hazırlanaraq təklif olunmasını sürətləndirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR