Bakıda keçiriləcək Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramı açıqlanıb

Bakıda keçiriləcək  Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramı açıqlanıb
# 30 oktyabr 2013 09:30 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramı açıqlanıb. Rejissor Fariz Əhmədovun APA-ya verdiyi məlumata görə, noyabrın 20-dən 24-dək Nizami Kino Mərkəzində keçiriləcək festivala ümumilikdə 38 ölkədən 140 rejissorun 215 filmi göndərilib.

"Ölkə, region, şəhər" kateqoriyasında 15, "Mədəniyyət, ənənə" kateqoriyasında 16, "Ekstremal turizm" kateqoriyasında 9, "Ekoloji turizm" kateqoriyasında 13, "Reklam filmləri" kateqoriyasında 10, "TV filmləri" kateqoriyasında 15 film olmaqla ümumilikdə 78 film müsabiqə proqramına daxil edilib.

Filmlər noyabrın 20-dən 23-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Kinematoqrafçılardan və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq.

I yer üçün qızıl mükafat və 2000 avro, II yerə gümüş mükafat və diplom, III yer üçün bürünc mükafat və diplom nəzərdə tutulub. Festivalın ən yaxşı filminə "QRAN PRİ" – diplom, mükafat və 4000 avro pul təqdim ediləcək.

Fariz Əhmədov qeyd edib ki, noyabrın 20-də keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcək: “Həmin gün Nizami Kino Mərkəzində açılış filmi olaraq Jerar Depardyenin iştirakı ilə çəkilmiş "Qafqaza qayıdış" filmi nümayiş olunacaq. Festivalın bağlanış mərasimi isə ayın 23-də nəzərdə tutulur. Festivala xaricdən 45 qonaq dəvət edilib. Müsabiqə proqramında 14 azərbaycanlı rejissorun filmləri yer alıb”.

Qeyd edək ki, festivala informasiya dəstəyi verən qurumlardan biri də APA İnformasiya Agentliyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR