Ədliyyə orqanlarına qəbulla bağlı növbəti test imtahanı iyunun 3-də keçiriləcək

Ədliyyə orqanlarına qəbulla bağlı növbəti test imtahanı iyunun 3-də keçiriləcək
# 21 may 2014 07:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə orqanlarında işləmək arzusunda olan hüquqşünaslar üçün fevral ayından başlanmış sənəd qəbulu may ayının 26-da başa çatır.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti müsabiqə üzrə test imtahanı iyun ayının 3-də keçiriləcək. Məlumatda bildirilir ki, artıq 350-dən çox namizəd müsabiqədə iştirakla bağlı müraciət edib.

Şəffaflığın təmin edilməsi, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin tədbiri tam izləmələri məqsədilə imtahan bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçiriləcək.

Namizədlər üçün imtahanlara hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunub, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilib.

Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 31 may və 2 iyun tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR