BMT: ABŞ-la İran arasındakı səfir qalmaqalının bu təşkilata aidiyyatı yoxdur

BMT: ABŞ-la İran arasındakı səfir qalmaqalının bu təşkilata aidiyyatı yoxdur
# 12 aprel 2014 13:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT ABŞ-ın İranın bu təşkilatdakı daimi nümayəndəliyinin yeni rəhbərinə viza verməkdən imtina etməsinə münasibət bildirib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, BMT baş katibinin sözçüsü Stefan Dujjarik bildirib ki, bu məsələnin BMT-yə aidiyyatı yoxdur və ABŞ-la İran arasında öz həllini tapmalıdır: “Rəsmi Vaşinqton ABŞ-la BMT arasında “qərargah sazişi” kimi tanınan ikitərəfli müqaviləyə sadiqdir və dünya ölkələrinin bütün nümayəndələrinə viza verilməsi üçün lazımi şəraiti təmin edir”.

Qeyd edək ki, H.Əbutalıbi İran prezidentinin sərəncamı ilə bu vəzifəyə təyin edilib və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəsi kimi fəaliyyət göstərən Məhəmməd Xəzaini əvəzləyib. H.Əbutalıbi Həsən Ruhani hökumətində vitse-prezident vəzifəsində çalışıb. 56 yaşlı diplomat karyerasına 1979-cu il inqilabının ilk illərindən başlayıb və müxtəlif illərdə İranın İtaliya, Belçika və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. Onun İranın ali dini lideri ilə münasibətlərinin yaxşı olduğu, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncaniyə yaxın bir kadr olduğu bildirilir. Ancaq bu təyinat ABŞ-da ciddi narazılığa səbəb olub. Buna səbəb onun Müsəlman Tələbələr Assosiasiyasının bir üzvü kimi 1979-cu il noyabrın 4-də ABŞ-ın İrandakı səfirliyinin tutulması və 52 amerikalının 444 gün girovluqda saxlanılmasında iştirakda günahlandırılmasıdır. Ancaq H.Əbutalıbi ona qarşı irəli sürülən ittihamları təkzib edərək, həmin hadisənin iştirakçısı olmadığını, sadəcə, tərcüməçi rolunu oynadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR