Krım Tatar Məclisinin iclasında Rusiyaya münasibətdə qarşıdurma yaranıb - YENİLƏNİB - FOTOSESSİYA

Krım Tatar Məclisinin iclasında Rusiyaya münasibətdə qarşıdurma yaranıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 01 aprel 2014 11:10 (UTC +04:00)

Simferopol. Mübariz Aslanov - APA. Bu gün Simferopolda Krım Tatar Məclisinin iclası keçirilir.

APA-nın Krıma ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Məclisin sədri Refat Çubarovun rəhbərliyi ilə keçirilən iclasda məclis üzvləri ilə yanaşı, bölgələrdə yaşayan tatarların nümayəndələri iştirak edirlər.

İclasda Krımda yeni yaradılan hökumətdə tatarların təmsil olunması barədə təklif müzakirə olunur.

Müzakirələr zaman tatarların bir qismi yeni hökumətlə əməkdaşlığın əleyhinə çıxıb.

Narazı qüvvələrə məclis üzvləri Abdurrahman Ezgir və Rza Şevçiyev başçılıq edir. Qeyd olunub ki, rusların tatarlara tarix boyu etdikləri zülmü unutmaq olmaz.

Bir qisim iştirakçı isə yeni hökumətdə yer almağı təklif edib. Onlar bildiriblər ki, bu, Krımın gələcək taleyində rol oynamaq deməkdir.

Bu mövqe isə qarşıdurmaya səbəb olub. Bir sıra bölgələrdən gələn tatarlar etiraz olaraq iclası tərk ediblər. Bildirilib ki, tatarlar ruslarla əməkdaşlığa getsələr, Krım Dağıstanın gününə düşəcək, Krım şəhərlərində qardaş qardaşın qanını tökəcək.

Refat Çubarov isə bir-birlərini ittiham edən tərəfləri sakitləşdirərək deyib ki, düşmən olmaq yeri deyil, indi Krım tatarlarının taleyi həll olunur, yekdil qərar qəbul etmək lazımdır: “Belə getsə, hələ bir neçə gün qərar qəbul edə bilməyəcəyik”.

İclas davam edir.

Hazırda iclas keçirilən hotelin qarşısında isə tatarların aksiyası keçirilir. Onların bir qismi yeni hökumətdə təmsil olunmağı, qalanları isə olunmamağı tələb edirlər.

Qeyd edək ki, Krım Tatar Məclisinin mətbuat katibi Leyla Müslümova toplantıda ancaq tatar və rus jurnalistlərin iştirakına şərait yaratmaq istəsə də, maneələrə baxmayaraq, APA-nın müxbiri də iclas zalına daxil ola bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR