Azərbaycanda hər il 8 min əlil və sağlamlıq imkanları məhdud uşaq dövlət tibbi-sosial reabilitasiya xidməti ilə təmin olunur

Azərbaycanda hər il 8 min əlil və sağlamlıq imkanları məhdud uşaq dövlət tibbi-sosial reabilitasiya xidməti ilə təmin olunur
# 08 aprel 2014 12:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir.

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibəsində bildirib ki, həmin mərkəzlərdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunur.

Nazirin sözlərinə görə, “Sosial xidmət haqqında” qanuna əsasən evlərində və sosial xidmət müəssisələrində sosial-məişət xidməti göstərilən vətəndaşların 3666 nəfəri əlilliyi olan şəxslərdir: “Ölkəmizdə əlilliyi olan şəxslərin ümumi sayının 44,4%-ni qadınlar təşkil edir. Azərbaycan qanunvericiliyində cinsi bərabərlik, qadın hüquqlarının qorunması tam olaraq əksini tapıb. Hazırda Azərbaycanda 62 860 nəfərə yaxın sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq vardır. Qanuna uyğun olaraq aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər. Eyni zamanda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara dövlət tərəfindən sosial müavinət verilir, onların statusu və göstərilən yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. Təkcə son beş ildə 13 074 nəfər sağlamlıq imkanları məhdud uşaq həm respublika daxilindəki, həm də xarici ölkələrdəki reabilitasiya mərkəzlərində reabilitasiya xidməti ilə təmin olunub”.

S.Müslümov qeyd edib ki, 2009-2013-cü illərdə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edən 2468 nəfər əlilliyi olan şəxslərdən 1089 nəfəri işlə təmin olunub, 60 nəfəri isə ödənişli ictimai işlərə göndərilib. Həmin şəxslərin peşə hazırlığına cəlb olunmasının da diqqətdə saxlanıldığını deyən nazir bildirib ki, qeyd olunan dövrdə 202 nəfər əlil insan peşə hazırlığı kurslarına cəlb olunub: “Əlilliyi olan şəxsləri işlə təmin edən işəgötürənlərin həvəsləndirilməsi üçün onlara müxtəlif güzəştlərin tətbiqi, əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə güzəştli kreditlərlə təmin olunması, regionlarda həmin şəxslər üçün münasib ixtisaslaşdırılmış istehsal sahələrinin yaradılması istiqamətlərində də müvafiq tədbirlər həyata keçirilir. Son 5 ildə isə 265 əlilliyi olan sahibkara 11,4 milyon manat, o cümlədən 2013-cü ildə 29 belə sahibkara 0,8 mln. manat dövlətin güzəştli kreditləri verilib ki, bu kreditlər hesabına 1000-dək, o cümlədən 2013-cü ildə 100-dək yeni iş yeri yaradılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR