İran prezidenti ilə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi arasında görüş keçirilib - FOTO

İran prezidenti ilə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi arasında görüş keçirilib  - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 07:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda səfərdə olan BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi oktyabrın 27-də Tehranda bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşüb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Suriya böhranı və bu problemlə bağlı Cenevrədə keçirilməsi planlaşdırılan konfransla bağlı fikir mübadiləsi aparılıb.

H. Ruhani bildirib ki, İran Suriyadakı qarşıdurmaların dayandırılması və sabitliyin bərqərar edilməsi üçün səylərini əsirgəməyəcək.

Onun sözlərinə görə, Suriya məsələsi ilə bağlı iki ortaq fikir var: “Birincisi, böhranda barmağı olan bütün tərəflər də hazırkı şəraitdə müxtəlif ölkələrdən olan terrorçuların mövcudluğu, mülki əhalinin gündəlik qırğın edilməsi, milyonlarla suriyalının didərgin düşməsini və Suriyanın ərazi bütövlüyünün pozulmasını qəbuledilməz sayırlar, həmçinin bu qarşıdurmaların bölgə ölkələrinə də mənfi təsir etdiyini bildirirlər. İkincisi isə Suriyanın gələcəyinin xalqın qərarı və azad seçkilər keçirməklə müəyyənləşdirilməsi lazımdır. Lakin əsl problem bugünkü vəziyyətdən uyğun nöqtəyə necə gəlmək məsələsidir”.

İran prezidenti deyib ki, böhranın həll edilə bilməməsinin əsas səbəbi Suriya müxalifətində ortaq mövqenin olmamasıdır: “Müxalifət sırasında Suriya hökuməti və digər müxalifləri qəbul etməyən terrorçu qruplar da var. Digər tərəfdən, Suriyanın qonşuları və supergüclər bu ölkənin gələcəyi barədə ortaq mövqeyə malik deyil”.

H. Ruhani vurğulayıb ki, İran Suriyada sabitliyin bərqərar olması üçün bütün sahələrdə səy göstərməyə hazırdır.

Ə. İbrahimi isə öz növbəsində İranın Suriya böhranı ilə bağlı Cenevrədə keçirilməsi planlaşdırılan konfransa qatılmasını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, İranın bu iclasa qatılıb-qatılmaması vəziyyətində belə Suriyada sülhün təmin edilməsi məqsədilə toplantı keçirilməsi üçün İranla yaxından əməkdaşlığın edəcəklərinə ümidvardırlar.

Qeyd edək ki, Ə. İbrahimi səfər çərçivəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, həmçinin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani və digər rəsmilərlə də görüşərək Suriya böhranı ilə bağlı fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR