Nərgiz Paşayeva: “Ədəbiyyatımızı dünyaya lazımi səviyyədə təqdim etməyi bacarmamışıq”

Nərgiz Paşayeva: “Ədəbiyyatımızı dünyaya lazımi səviyyədə təqdim etməyi bacarmamışıq”
# 17 yanvar 2014 10:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Əsrlər boyu Azərbaycan ədəbiyyatı özünün böyük dühasını göstərib. Amma bəzən dünya çərçivəsində, böyük arenada biz öz ədəbiyyatımızı lazımi səviyyədə təqdim etməyi bacarmamışıq”. APA-nın xəbərinə görə, bunu Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyində çıxışı zamanı deyib.

N. Paşayeva arzu edib ki, bundan sonra Azərbaycan ədəbiyyatının dəyəri, unikal mövqeyi dünyada təqdim olunsun. O bildirib ki, tarixin hər bir mərhələsində bizim ədəbiyyat bir çox xalqları özündə birləşdirə və inkişaf etdirə bilib: “Azərbaycan ədəbiyyatını bir çox bucaqlar daxilində və nəzər bucaqları qismində araşdırmalıyıq. İlk növbədə ona görə ki, Azərbaycan ədəbiyyatı tək Azərbaycan ədəbiyyatı olaraq kifayətlənmir, məhdudlaşmır. Bu, özündə bir çox elmi və bədii fikirləri ehtiva etməyi bacarıb. Buraya həm qədim qərb, həm yaxın şərq, həm orta əsərlər, həm də XIX-XX əsrlərə aid ədəbi tarixlər daxildir. Tarixin müxtəlif dövrlərində Azərbaycan ədəbiyyatı yalnız olduğu kimi qalmayıb. Onun dühaları, simaları yaxın və orta şərq fikrini, mədəniyyətini özlərində cəmləşdirib. Orta əsrlərdə bütün fəlsəfi fikirlər, məktəblər Azərbaycan ədəbiyyatı tərkibində özünü dünyaya tanıdıb. Əgər XVIII-XIX əsrdə Avropa müasirpərvərləri insanın və cəmiyyətin azadlığını maarifdə görürdüsə, bunu hələ XII əsrdə Nizami Gəncəvi görüb və ədəbiyyatda qeyd etmişdi. Bu, böyük bir material və zənginlikdir. Bəzən biz özümüz də nə qədər varlı və zəngin olduğumuzu bilmirik. Bu irsi təqdim və təqlid etmək isə bizim borcumuzdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR