Ağcabədidə 51 sahibkara 571 min manat güzəştli kredit verilib

Ağcabədidə 51 sahibkara 571 min manat güzəştli kredit verilib
# 07 mart 2014 11:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbirini Ağcabədi rayonunun Xocavənd kəndində keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kiçik və ya orta həcmli meyvə-tərəvəz emalı və meyvə qurutma müəssisəsinin, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Həmçinin, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 621 investisiya layihəsinin maliyyələşdirilməsinə 22,3 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 1500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

O qeyd edib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 442 investisiya layihəsinin maliyyələşdirilməsinə 323,7 mln. manat güzəştli kredit verilib: «Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistika mərkəzləri, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz, süd, ət emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib. Verilmiş kreditləri istifadə etməklə investisiya layihələrinin maliyyələşdirilməsi 28 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir».

Xocavənd kəndində keçirilən tədbir çərçivəsində Ağcabədi və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkara 571 min manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 80-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Tədbir çərçivəsində həmçinin, Ağcabədi rayonunun Ağabəyli kəndində güzəştli kredit ayrılmış ildə 3,1 min ton keçi südü istehsal edən 2 000 başlıq müasir cins heyvandarlıq təsərrüfatının fəaliyyətinə və Ağcabədi şəhərində ildə 7,3 min ton çörək istehsal etmək gücünə malik olan müasir çörək zavodunda aparılan tikinti işlərinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR