DİN: ABŞ Dövlət Departamentinin hesabatı ölkəmizdə insan alverinə qarşı mübarizədə irəliləyiş müşahidə edildiyini bir daha təsdiqləyir

DİN: ABŞ Dövlət Departamentinin hesabatı ölkəmizdə insan alverinə qarşı mübarizədə irəliləyiş müşahidə edildiyini bir daha təsdiqləyir
# 24 iyun 2014 16:19 (UTC +04:00)

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hesabatda qeyd olunur ki, Azərbaycan ötən dövrdə məcburi əmək xarakterli insan alverinə qarşı mübarizə ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi istiqamətində tədbirləri artırıb. Belə ki, Azərbaycan hökuməti 2013-cü ilin aprel və may aylarında beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq məqsədilə Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə düzəliş edib, sərhəd keçmə ilə bağlı müddəanı ləğv edib, məcburi əmək cinayətlərinə qarşı cəzaları artırıb, insan alverinin törədilmə üsullarının uşaqların insan alverinə cəlb olunması zamanı əhəmiyyətini aydınlaşdırıb və insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən saxta sənəd hazırlanmasına görə ayrıca cinayət məsuliyyəti müəyyən edib. Dövlət Departamenti bəyan edib ki, hökumət hesabat müddətində insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi istiqamətində bəzi irəliləyişlərə nail olub.

Bununla bərabər, hesabatda insan alverinə qarşı profilaktik tədbirlər sahəsində irəliləyişin davam etdirildiyi, dövlətin həyata keçirdiyi maarifləndirmə kampaniyalarının əksər hissəsinin insan alveri qurbanlarına yönəldiyi göstərilir.

Daxili İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin də etiraf etdiyi irəliləyişlərin ölkədə insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilmiş qətiyyətli və kəsərli tədbirlər nəticəsində mümkün olduğunu bildirir. Belə ki, ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 cinayət işi üzrə 80 insan alveri, 4 cinayət işi üzrə 4 məcburi əmək cinayət faktı qeydə alınıb. İnsan alveri cinayətləri törətdiklərinə görə 17 şəxs (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olan 56 nəfər (41-i qadın, 15-i kişi) müəyyən edilib. Hesabat dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışa elan olunmuş 17 insan alverçisindən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib.

Qurbanlardan 37 nəfəri (23 qadın, 14 kişi) təhlükəsiz sığınacağa yerləşdirilib, onların müdafiəsi və zəruri yardımların göstərilməsi ilə bağlı tədbirlər davam etdirilib. Sığınacağa yerləşdirilmiş qurbanların hamısına tibbi, psixoloji yardımlar göstərilib, onlar zəruri geyimlə təmin ediliblər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkmiş 50 qurbana reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 13 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib. Qurbanlardan 22-si işlə təmin edilib, 21-i isə peşə kursuna göndərilib.

Cari ilin 1-ci rübü ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 103 cinayət faktı qeydə alınıb, onlardan 36-sı insan alveri (11 cinayət işi üzrə), 33-ü fahişəliyə cəlb etmə, 33-ü əxlaqsızlıq yuvaları saxlama, 1-i yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə ilə bağlı olub. İnsan alveri cinayətləri törətdiklərinə görə 3 şəxs (2 qadın, 1 kişi) cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olaraq 16 nəfər (hamısı qadın) müəyyən edilib.

İllik hesabatlarda ABŞ Dövlət Departamenti, ənənəvi olaraq, hər bir ölkə üçün insan alverinə qarşı mübarizə fəaliyyətinə dair tövsiyələrini də təqdim edir. Keçənilki hesabatda ölkəmizə edilmiş 14 tövsiyənin 8-i 2014-cü il hesabatında eyni ilə təkrarlanıb, yeni tövsiyə verilməyib. Son hesabatda qeyd edilmiş tövsiyələr miqrantların məcburi əməyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanları üçün xidmət şəbəkəsinin genişləndirilməsi, bu növ cinayətlərə qarşı mübarizə üzrə müvafiq qurumlararası əlaqələrin təkmilləşdirilməsi, insan alveri ilə bağlı miqrant işçilər üçün maarifləndirmə tədbirlərinin təşkil edilməsi kimi sahələri əhatə edir.

Bəzi kütləvi informasiya vasitələrində ölkəmizdə insan alverinin guya çiçəkləndiyi, bu növ cinayətlərə qarşı səmərəli mübarizə aparılmadığı barədə gedən qərəzli, böhtan xarakterli və sifarişli yazılara baxmayaraq, ABŞ Dövlət Departamentinin növbəti illik hesabatı ölkəmizdə göstərilən sahədə məqsədyönlü tədbirlərin həyata keçirildiyini, həmin istiqamətdə irəliləyişin müşahidə edildiyini bir daha təsdiqləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR