Azərbaycanın xüsusi məktəblərdə təhsil alan əqli qüsurlu şagirdlərin sayı açıqlanıb

Azərbaycanın xüsusi məktəblərdə təhsil alan əqli qüsurlu şagirdlərin sayı açıqlanıb
# 23 oktyabr 2013 14:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi hazırda Azərbaycanın xüsusi məktəblərdə təhsil alan əqli qüsurlu şagirdlərin sayını açıqlayıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirlik sistemində 4 xüsusi məktəb fəaliyyət göstərir ki, onlardan da 3-ü Bakı şəhərində, 1-i isə Gəncə şəhərindədir. Bu müəssisələrdə cəmi 2536 nəfər şagird təhsil alır.

Ümumtəhsil məktəblərindən şagirdlərin xüsusi məktəblərə keçirilməsi rayon (şəhər) təhsil şöbələrində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyaların rəyi əsasında ola bilər. Həmin komissiyalarda təhsil işçiləri ilə yanaşı səhiyyə işçiləri də fəaliyyət göstərir. Şagirdlərin sağlamlıq vəziyyəti səhiyyə müəssisələri tərəfindən müəyyən edilir. Bütün hallarda xüsusi təhsilə cəlb olunma ilə əlaqədar təhsil və səhiyyə şöbələrinin nümayəndələri birgə qərar qəbul edirlər.

Təhsil Nazirliyindən bildirilib ki, distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarının artırılması məqsədilə “Elektron Təlimləndirən Sistemlər” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində 60 şagird və 10 müəllimə yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilib, 60 şagirdin evinə internet xətti çəkilib, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədilə Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə Distant Təhsil Mərkəzi yaradılıb. Mərkəzin otaqlarında yüksək sürətli fiber-optik internet və intranet bağlantıları quraşdırılıb. Həmçinin müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az portalı yaradılıb. Hazırda layihənin genişləndirilməsi üzrə işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR