BMT xüsusi məruzəçisinin Azərbaycanda səfərin yekunlarına dair mətbuat konfransı keçirilib - FOTO

BMT xüsusi məruzəçisinin Azərbaycanda səfərin yekunlarına dair mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTO
# 23 may 2014 11:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA Bu gün BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycana səfərin yekunlarına dair baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla birgə mətbuat konfransı keçirib.

APA-nın xəbərinə görə, Ə. Həsənov Çaloka Beyninin səfərinin çox uğurlu olduğunu bildirib. Dövlət komitəsinin sədrinin sözlərinə görə, xüsusi məruzəçidən yeganə istəyi gözləri ilə gördüyü reallığı hesabatda əks etdirməsidir: “Səfər proqramında nəzərdə tutulan bütün görüşlər baş tutub. Hökumət olaraq hesab edirik ki, səfər uğurlu keçib”.

Öz növbəsində, Ç. Beyani də səfər çərçivəsində Azərbaycan rəsmiləri, hökumət üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ilə görüşlər keçirdiyini söyləyib.

Məcburi köçkünlərin məskunlaşdığı yerlərə də baş çəkdiyini deyən qonaq Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar və bu addımların nəticələri ilə real şəkildə tanış olduğunu qeyd edib: “Məcburi köçkünlərin gəldiyi ilk vaxtla indiki vəziyyəti müqayisə etmək mümkün deyil. Bu müddət ərzində Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasında olarkən çox təsirləndim. İstərdim ki, bu uşaqlar böyüyəndə köçkünlük hissi onların üzərində qalmasın, 3-5 ildən sonra onlar yetkinlik yaşına çatanda köçkün adından azad və fərqli bir həyat sürə bilsinlər”.

C. Beyani qeyd edib ki, Azərbaycana səfərinin nəticələrinə dair məcburi köçkünlərlə bağlı hazırlayacağı hesabatı bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına, gələn ilin iyulunda isə BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR