İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər Sabirabadda təqdim olunub

İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər Sabirabadda təqdim olunub
# 22 may 2014 11:36 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabadda İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, “İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda Sabirabadda keçirilən tədbirdə aidiyyəti dövlət qurumları, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Salyan, Şirvan, Biləsuvar, Hacıqabul və Ucar Rayon İcra hakimiyyətlərinin nümayəndələri, Aran iqtisadi rayonunda fəaliyyət göstərən yüzə yaxın sahibkar iştirak edib.

Nazirliyin nümayəndəsi Zaur Qasımov “Elektron Hökumət”ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqinin genişləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, prezidentin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Burada müxtəlif fəaliyyət növlərinə aid lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Artıq nazirlik tərəfindən əhaliyə göstərilən 28 xidmət “online” rejimdə həyata keçirilir. Bu isə nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirməyə imkan verir. İndiyədək 235 mindən artıq internet istifadəçisi bu xidmətdən yararlanıb.

Tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin nümayəndələri Fərid Salmanov, Natiq Heydərov və “İstehlak Mallarıının Ekspertizası Mərkəzi” MMC-nin Ekspertiza sektorunun müdiri Elçin Məlikov nazirlik tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimdə qəbula yazılma, müraciətlərin qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimdə sual-cavab, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. xidmətlər haqqında məlumatlar veriblər.

Tədbirdə onlayn rejiminin istifadə proseduru nümayiş etdirilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR