Azərbaycanda 8 minə yaxın I qrup gözdən əlil var

Azərbaycanda 8 minə yaxın I qrup gözdən əlil var
# 03 dekabr 2013 09:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların müavinətlərinin əhəmiyyətli artımı baş verib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında deyilir.

Məlumata əsasən, ölkə üzrə əlilliyə görə əmək pensiyaçılarının pensiyalarının orta aylıq məbləği 2006-cı il yanvarın 1-nə 32,3 manat olduğu halda, bu ilin oktyabrın 1-nə bu məbləğ 147,6 manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği isə 251 manat təşkil edir.

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120%-i (I qrup gözdən əlillərə 200%-i) həcmində müəyyənləşdirilib. Digər bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır. Bu əlavələr 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.

Oktyabrın 1-nə Azərbaycanda əmək pensiyası alan 1 274 342 nəfərin 27,1%-i (345,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlar olub. Onlardan 6,9%-i (23,9 min nəfəri) I qrup, 85,9%-i (296,8 min nəfəri) II qrup, 7,2%-i (24,8 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7 872 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,6%-i müharibə əlilləri, 95,5%-i ümumi səbəbdən əlillər, 0,9%-i isə dövlət qulluqçularıdır.

Qeyd edək ki, dekabrın 3-ü Beynəlxalq əlillər günüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR