Gələn il keçiriləcək sınaq imtahanlarının vaxtı açıqlanıb

Gələn il keçiriləcək sınaq imtahanlarının vaxtı açıqlanıb
# 20 dekabr 2013 11:20 (UTC +04:00)

Bakı. Könü Kamilqızı- APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gələn il keçiriləcək sınaq imtahanlarının keçirilmə vaxtı açıqlanıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, gələn il aprel ayının əvvəllərindən etibarən sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi 2014-cü ildə də sınaq imtahanlarına yazılış internet vasitəsilə elektron formada aparılacaq. Bununla bağlı həmin ərəfədə TQDK-nın Facebook səhifəsində geniş məlumat veriləcək.

TQDK-dan bildirilib ki, sınaq imtahanlarına yazılışla bağlı ilkin məlumatların komissiyanın Facebook səhifəsində verilməsi nəzərdə tutulur. Bu, gənclərin məlumatları buradan daha operativ əldə etmələri ilə bağlıdır. Son illər TQDK tərəfindən imtahan arealının genişləndirilməsi, bu imtahanların respublikanın bütün bölgələrini əhatə etməsi nəticəsində regionlarda yaşayan abituriyentlərin də sınaqlarda rahat iştirakı təmin olunur. Artıq ən ucqar yaşayış məntəqələrində yaşayan gənclərin də hazırlıq səviyyələrini yoxlamaq üçün mərkəzi şəhərlərə üz tutmalarına ehtiyac qalmır. Gələn il sınaq imtahanlarına ayrılan yerlərin sayının artırılacağı da nəzərdə tutulur.

Qeyd edək ki, sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Sınaq imtahanlarında iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR