Urmiya gölünə görə tutulmuş 8 azərbaycanlı fəaldan başqa qalanları zəmanətlə azadlığa buraxılıb

Urmiya gölünə görə tutulmuş 8 azərbaycanlı fəaldan başqa qalanları zəmanətlə azadlığa buraxılıb
# 12 iyun 2014 13:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Təbrizdə Urmiya gölü ilə bağlı tutulmuş azərbaycanlı fəallardan 5 nəfəri barəsində bir ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Təbriz məhkəməsi Miryasin Hüseyni, Əkbər Əbülzadə, Nima Abbaspur, Abdullah Nuri və Vəhid Vəlizadəni ictimai asayişi pozmaqda günahlandırıb. Onlar Təbriz Mərkəzi Həbsxanasının karantin bəndində köçürülüblər.

Eyni zamanda azərbaycanlı fəalların hər biri üçün 100 milyon tümən məbləğində mülk girovu təyin edilib. Ancaq Arman Zakir, Əfşin İsmayılzadə və digərləri ailələrinin qoyduğu mülk girovu qarşılığında azadlığa buraxılıblar. Onlar qanunsuz toplantılara qatılmaqla ictimai asayişi pozmaqda günahlandırılır. Bundan əlavə, Urmiya şəhərində də üç azərbaycanlı fəal - Nima Həsəni, Əta Kərimi və Yasir Əkbəridən başqa digər soydaşlarımız ailələrinin qoyduğu 1-4 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıblar. Onlar pantürkist qruplar təşkil etmək, siyasi yığıncaqlar və etirazlar təşkil etmək hazırlığında günahlandırılıblar. Digər üç azərbaycanlı fəal üçün 20 milyon tümən məbləğində mülk girovu təyin edilib və onlar Urmiya Mərkəzi Həbsxanasının narkomanların saxlanıldığı kamerasına göndəriliblər.

Qeyd edək ki, iyunun 11-də axşam saatlarında Təbriz və Urmiya şəhərlərində İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsinə etiraz olaraq aksiyalar keçirilib. Soydaşlarımız küçə və meydanlara çıxaraq “Urmiya gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu!”, “Urmiya gölü səslənir: susuzam haray, haray!” və “Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!” kimi şüarlar veriblər. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları aksiyanın qarşısını almaq üçün dinc nümayişçilərə qarşı zor tətbiq edib, ümumilikdə 26 azərbaycanlı fəal həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR