Arif Hacılı: “Qurultay Bakı Şəhər İcra Hakimiyyəti müvafiq yer ayırdıqdan sonra keçiriləcək”

Arif Hacılı: “Qurultay Bakı Şəhər İcra Hakimiyyəti müvafiq yer ayırdıqdan sonra keçiriləcək”
# 17 iyun 2014 12:32 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat başqanının müşaviri, başqanlığa iddialı Səxavət Əlisoyun fikirlərinə münasibət bildirən Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Müsavat başqanının müşaviri Səxavət Əlisoy partiyada bir qrup şəxsin qurultayı 2015-ci il parlament seçkilərindən sonraya saxlamaq istədiyini bəyan edib.

A. Hacılı isə deyib ki, bu gün Müsavat Partiyasının qurultayının keçirilməsi üçün 800-1000 nəfərin iştirak edə biləcəyi yer, məsələn, Opera və Balet Teatrı Müsavat Partiyasının qurultayının keçirilməsi üçün ayrılsa, bir neçə həftəyə qurultayı keçirəcəklər: “Müsavat Partiyasında qəbul olunmuş daxili qaydalara əsasən, qurultayla bağlı bəzi prosedurlar qurultaya azı 3-4 həftə qalmış başlayır. Müsavat Partiyasında hər hansı vəzifəyə seçki ilə bağlı əvvəlcə təbliğat kampaniyası aparılır. Bakı Şəhər İcra Hakimiyyətinə qurultaya yer ayrılması ilə bağlı müraciət edərkən bu amili nəzərə almağı və azı 3-4 həftə qalmış yerin ayrılması barədə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə məlumat verilməsini xahiş etmişik. Bu məsələnin çox ciddi rezonans doğurmasına baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti bu günə qədər müraciətimizə cavab verməkdən imtina edib. Hakimiyyət nümayəndələri, Müsavat Partiyasına opponent olan bir çox siyasi qüvvələrin nümayəndələri Müsavat Partiyasının qurultayını qəsdən keçirməməsi fikrini yayır, belə bir ictimai rəy yaratmağa çalışırlar. Hakimiyyət dairələri doğurdan da bu qənaətdədirsə ki, Müsavat Partiyasının rəhbərliyi qurultayı qəsdən ləngidir, Opera və Balet Teatrını qurultayı keçirilməsi üçün ayırsın. Mən tam məsuliyyətimlə deyirəm ki, bir neçə həftə ərzində qurultay keçiriləcək”.

A. Hacılı Müsavat Partiyası Divanının üzvü İkram İsrafilin qurultayın partiyadakı bir qrup şəxs tərəfindən qəsdən gecikdirildiyini bəyan edən S. Əlisoyun istənilən halda partiyada qalmayacağı barədə söylədiklərinə də münasibət bildirib. A. Hacılı İ. İsrafilin S. Əlisoyla barədə söylədiklərinin onun şəxsi mülahizələri olduğunu qeyd edib: “Müsavat Partiyasında üzvlük partiyanın Nizamnaməsinə uyğun olaraq tənzimlənir. Kobud Nizamnamə pozuntularına yol verilərsə, hər hansı partiya üzvü haqqında cəza tədbiri görmək mümkündür. Ancaq hər hansı tənqidi fikrə, fərqli düşüncəyə görə Müsavat Partiyasının üzvü partiya sıralarından kənarlaşdırılmır. Hər halda Səxavət Əlisoyun partiya məsuliyyətinə cəlb olunması ilə əlaqədar partiyaya hər hansı müraciət olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR