ABŞ Dövlət Departamenti bəzi ölkələrdə insan haqları ilə bağlı illik hesabat dərc edib

ABŞ Dövlət Departamenti bəzi ölkələrdə insan haqları ilə bağlı illik hesabat dərc edib
# 28 fevral 2014 09:04 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. ABŞ Dövlət Departamenti bir sıra ölkələrdə insan haqları sahəsindəki vəziyyətlə bağlı ikinci illik hesabatı dərc edib.

APA-nın verdiyi məlumata görə, hesabatda ötən il insan haqları ilə bağlı vəziyyət haqqında məlumatlar yer alıb. Sənəddə Azərbaycanda insan haqları sahəsindəki vəziyyət də yer alıb.

Hesabat yanvarın 27-də Vaşinqtonda dövlət katibi Con Kerri tərəfindən təqdim olunub.

Dövlət Departamentinin hesabatında əsasən, il ərzində Azərbaycanda insan haqları sahəsində problem kimi fikir azadlığı, sərbəst toplaşma və birləşmə azadlığına məhdudiyyətlərin olması, o cümlədən jurnalistlər, hüquq müdafiəçiləri və demokratik fəallarla bağlı tədbirlər, oktyabrın 9-da seçkilərin keçirilməsində çatışmazlıqlar əksini tapıb.

Sənəddə qeyd olunur ki, il ərzində qəbul olunan düzəlişlər QHT-lərin maliyyələşməsində daha çox məhdudiyyətlərə gətirib çıxarıb. Habelə qeydiyyatdan keçməmiş bəzi müsəlman və xristian icmaların dini etiqad azadlıqlarının məhdudlaşdırılması, QHT-lərin qeydiyyata alınması zamanı məhdudiyyətlərin olduğu qeyd edilib.

Həmçinin qeyd olunur ki, məhkəmə qərarlarının qəbulu zamanı çatışmazlıqlar, o cümlədən özbaşına həbs və saxlanma halları ilə bağlı məlumatların artması mövcuddur. Hesabatda bildirilib ki, insan haqlarını pozmuş əksər məmurların cəzalandırılması və məhkəməyə cəlb edilməsi ilə bağlı qərar qəbul edilmir, cəzasızlıq problem olaraq qalıb.

Hesabatda o da qeyd olunur ki, Prezident Administrasiyası Bakıda ictimai xidmətlər yaratmaqla, korrupsiyanın azaldılması istiqamətində yetərli tədbirlər görsə də, korrupsiya faktları hələ də qalır.

Hesabat müəlliflərinin fikrincə, Azərbaycanda insan haqları sahəsində daha bir problem ordudakı sui-istifadə halları olub. Həmin hallar nəticəsində ötən il qeyri-döyüş şəraitində 69 ölüm faktı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR