Ədəbiyyat İnstitutunda Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibəti ilə elmi sessiya keçirilib

Ədəbiyyat İnstitutunda Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi münasibəti ilə elmi sessiya keçirilib
# 17 mart 2014 17:20 (UTC +04:00)

İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, elmi sessiyada AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli böyük türkoloq alim Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

O qeyd edib ki, yazıçı, publisist, şair, Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixində böyük rolu olan alim Ə.Hüseynzadənin irsi sovet dövründə araşdırılmayıb, vaxtilə ona “panislamist”, “pantürkist” damğaları vurularaq ədəbi-ictimai fəaliyyətinə kölgə salınıb, əsərləri qadağan edilib. Lakin müstəqillik illərində görkəmli Azərbaycan mütəfəkkiri və maarifçisinin irsi müəyyən araşdırmalara cəlb olunub, əsərləri işıq üzü görüb.

İ.Həbibbəyli təpədən-dırnağadək türk məfkurəsini yaşadaraq onu inkişaf etdirən Əli bəy Hüseynzadənin Azərbaycanın müstəqilliyi uğrunda daim mübarizə apardığını önə çəkərək onun ortaq türk düşüncəsinin, turançılıq ideologiyasının formalaşmasında misilsiz xidmətlər göstərdiyini bildirib, Türkiyənin özündə türkləşmə uğrunda yorulmadan çalışdığını xüsusi vurğulayıb. O, bu yaxınlarda akademiyanın Humanitar və İctimai Elmlər Bölməsi üzrə konfrans keçiriləcəyini, eləcə də alimin doğulduğu Salyan şəhərində tədbir təşkil ediləcəyini bildirib, həmçinin türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadə haqqında yazılan əsərlərdən ibarət olacaq “Məqalələr toplusu”nun nəşrə hazırlandığını diqqətə çatdırıb.

Akademik Əli bəy Hüseynzadə irsini bütün dolğunluğu ilə əhatə edə biləcək sanballı bir monoqrafiyanın yazılmasını məqsədəuyğun və vacib olduğunu qeyd edib, bu barədə tapşırıq və göstərişlərini verib.

Öz növbəsində böyük ədibin qardaşı nəvəsi Cəmilə Hüseynzadə təkcə Əli bəy deyil, nəsillərinin digər tanınmış nümayəndələri barədə maraqlı məlumatlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR