Təhsil naziri: “Azərbaycan peşəkar kadrların hazırlanması mərkəzinə çevrilməlidir”

Təhsil naziri: “Azərbaycan peşəkar kadrların hazırlanması mərkəzinə çevrilməlidir”
# 02 oktyabr 2013 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün 18 nömrəli Bakı Peşə liseyində “Dülgər, xarrat-parket ustası” ixtisası “BOSCH” Resurs Mərkəzinin və “Bərbər” ixtisası üzrə tədris emalatxanasının açılışı olub.

APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfhanq Mössinger, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, “BOSCH” şirkətinin MDB və Gürcüstan üzrə regional direktoru Cordan Kostaf iştirak ediblər.


Təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, bu gün dünyada uğura nail olmuş və inkişaf etmiş ölkələrin əsas əldə etdiyi üstünlük məhz bilikdən, peşəkarlıqdan, insan kapitalının elm kapitalına çevrilməsindən irəli gəlir. Onun sözlərinə görə, məhz bu məqsədləri nəzərdə tutaraq ölkə başçısı hər zaman təhsilin inkişafına, həm maddi-texniki bazanın gücləndirilməsinə, həm də təhsilin məzmununda müasirliyin, yeniliyin tətbiq olunmasına daim diqqət göstərir. Nazir qeyd edib ki, ölkədə peşəkar kadrların hazırlanması istiqamətində də nazirlik həm ölkə, həm də xarici şirkətlərlə əməkdaşlıq edir və gələcəkdə də edəcək: “Peşə təhsilinin inkişafı ölkəmiz üçün ən mühümdür. Çünki Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatına daimi olaraq hazırlanmış müasir peşəkarlar lazımdır”. Ölkənin inkişaf potensialının və tempinin çox yüksək olduğunu deyən nazir vurğulayıb ki, ölkədə müasir zamanın tələblərinə cavab verən peşəkarlar hazırlanmalı və onlara sənət öyrədilməlidir: “Həm daxili iqtisadi tələblər üçün, həm də gələcəkdə regional əmək bazarları üçün Azərbaycan peşəkar kadrların hazırlanması mərkəzinə çevrilməlidir. Buna nail olmaq üçün ən müasir və yeni texnoloji bilikləri, təcrübələri Azərbaycanın peşəkarlıq sahəsinə gətirmək lazımdır. Məhz buna görə Təhsil Nazirliyi həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşıq sayəsində peşəkarların hazırlanmasına diqqət yetirir”.


Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfhanq Mössinger də Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkədə peşəkar kadrlara ehtiyac olduğunu deyib. O bildirib ki, Almaniya hökuməti də hər zaman peşəkar kadrların hazırlanmasında Azərbaycana dəstək göstərməyə hazırdır.


Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirib ki, peşə liseyində yeni mərkəzlərin açılması ümumilikdə gənclərin əlavə ixtisaslara yiyələnməsi üçün əlavə imkanlar yaradacaq.


Qeyd edək ki, “Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi müvafiq istiqamətdə aparılan islahatların geniş ictimaiyyətə çatdırılması və gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə marağın artırılması, peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR