İranda 5 nəfər edam edilib

İranda 5 nəfər edam edilib
# 14 iyun 2014 13:53 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 5 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar qətldə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq edam olunublar. Onlardan ikisi İranın Şərqi Azərbaycan vilayətində qətlə görə təqsirləndirilib. Bunlar Meşkin (Xiyov) şəhərinin sakini Əli Feyzullahi və Təbriz sakini Əmir Sərdhayidir. Ə.Feyzullahinin 6 ildir həbs cəzası çəkdiyi və ölüm hökmünün İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 7-də səhər saatlarında Təbriz Mərkəzi Həbsxanasında icra edildiyi bildirilir. Ə.Sərdhayi isə 17 yaşında törətdiyi qətlə görə tutularaq üç il əvvəl edam cəzasına məhkum edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 9-da səhər saatlarında Təbriz Mərkəzi Həbsxanasında icra edilib. Digər üç nəfər isə İranın Hörmüzqan vilayətində narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilərək edam olunublar. Bunlar 4-5 ildir dara çəkilmələrini gözləyən Davud Sətvan, Kuroş Rustayi və Mahmud İbrahimidir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 8-də səhər saatlarında Bəndərabbas şəhərinin mərkəzi həbsxanasında icra edilib. Ancaq bu edamlarla bağlı İran rəsmi mətbuatı və müvafiq orqanları heç bir məlumat dərc etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR