Oljas Süleymenov: “İnternet kitab oxumağa mane olur”

Oljas Süleymenov: “İnternet kitab oxumağa mane olur”
# 17 iyun 2014 12:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Kulis.az-a müsahibəsində tanınmış qazax yazıçısı Oljas Süleymenov deyib.

Yazıçı gənclərin oxumamasından da şikayətlənib: "Gənclər oxumurlar. Əvvəllər dövlət oxumağa məcbur edirdi. Bizim ölkə dünyada ən çox kitab oxunan ölkə idi. Bu da elmin inkişafına, təhsilə dəstək verirdi. İndi internet oxumağa mane olur".

O.Süleymenov ötən əsrin 60-70-ci illərində kitabın yüz minlərlə tirajla nəşr olunduğunu xatırladıb: "Qonorar çox idi, stimul var idi. İndi qonorar verilmir, ya da az verilir. Pulu başqa yolla qazanmağa məcbur olurlar, ona görə də az yazırlar. Məncə, indi dövlətlər, xüsusilə də Azərbaycan ədəbiyyata diqqət göstərməyə başlayıb. İki-üç ildən sonra biz kitabların yayım sistemini quracağıq. Onda yazmağa da maraq yaranacaq. Çünki qonorar olacaq. Onda yaradıcılığa maraq olacaq və əsl oxucu da yetişəcək".

Yazıçı hesab edir ki, türkdilli dövlətlərdə ədəbi əlaqələri yalnız ədəbiyyatın köməyi ilə inkişaf etdirmək olar: "Ədəbiyyatı gücləndirsək, tərcüməyə də, əlaqələrə də maraq olacaq".

O.Süleymenov "Gənc yazıçıları oxuyursunuzmu?" - sualına belə cavab verib: "Mənim indi kimisə oxumağa vaxtım yoxdur. Azacıq boş vaxtım olan kimi onu yazmağa xərcləyirəm".

Yazıçı ədəbiyyatda açıq-saçıq mövzulara yer verilməsinə normal yanaşdığını da bildirib: "Hər şeyi yoxlamaq olar. Təki, o, ədəbiyyata ziyan verməsin. Mən bu yaxınlarda qəzetdə Eduard Limonov adlı rus yazıçısının müsahibəsini oxudum. Ondan soruşurlar ki, sizin Puşkinə münasibətiniz necədir? Deyir ki, belə, tənbəl adam olub, cəfəngiyyat yazıb, 37 yaşına kimi də Ərəbistandan başqa heç yerə getməyib, Amerikaya da getməyib".

O.Süleymenov bildirib ki, gənclər klassikanı mütləq oxumalıdır: "Onlar ədəbi zövqlərini formalaşdırmalıdır. Klassik əsərlər bunun üçündür. Azərbaycanda, Rusiyada, dünyada klassik əsərləri mütləq oxumaq lazımdır. Mən söhbətimi bir əhvalatla bitirmək istəyirəm. Bir böyük riyaziyyatçı olub, deyəsən, familiyası Moiseyeviçdir. Ondan soruşublar ki, uşaqların fizika və riyaziyyatı yaxşı mənimsəməsi üçün nə etmək lazımdır? O deyib ki, yalnız bir yol var: ədəbiyyat dərslərinin sayını artırmaq! Sual verənlər təəccüblənəndə məşhur riyaziyyatçı deyib ki, təəccüblənmək lazım deyil, ədəbiyyat beyini genişləndirir, onun imkanlarını açır. Ədəbiyyat oxuyan adama riyaziyyatı, fizikanı öyrənmək daha asan olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR