Azərbaycan sığorta bazarında bu il 20%-dək artım gözlənilir

Azərbaycan sığorta bazarında bu il 20%-dək artım gözlənilir
# 18 mart 2014 11:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bu il sığorta şirkətləri üzrə məcmu yığımların təxminən 16-20% artacağı proqnozlaşdırılır. «APA-Economics»in xəbər verdiyi kimi, bu proqnozu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov səsləndirib.

O.Bayramov həmçinin bu ilin ötən dövrünün nəticələrini təhlil edib. Belə ki, yanvar-fevral aylarında sığorta yığımlarında 16%, ödənişlərdə isə 17% artım baş verib. Eyni zamanda, bir sıra sığorta növlərində, məsələn, KASKO sığortasında 24% azalma müşahidə olunub. Bu, ilk növbədə banklar tərəfindən avtomobil kreditlərinin verilməməsi ilə bağlıdır. Lakin O.Bayramovun fikrincə, bu sahə tədricən lizinq şirkətləri tərəfindən fəal işlənilməyə götürülür ki, nəticədə, avtomobillərin könüllü sığortasında azalma tempi ilin sonuna kimi zəifləməlidir. Bundan əlavə ASA rəhbəri bəyan edib ki, son zamanlar bir neçə ticarət mərkəzlərinin yanğınlara məruz qalması əhali arasında yanğından sığortaya maraq artıb. Hətta ASA-nın xətti ilə bu sahədə bir sıra tövsiyələr hazırlanır ki, bunlardan ən əsaslardan biri də odur ki, ticarət mərkəzlərində icarədarların mallarının sığortası ilə bağlıdır. Assosiasiya bu sahə üzrə sığorta şirkətlərinə yeni məhsul hazırlamağı təklif edir.

Bununla yanaşı, O.Bayramov sığorta şirkətlərinin ödənişlər sahəsində mövcud problemlərin aradan qaldırılacağına nikbin yanaşır. Onun sözlərinə görə, son vaxtlar müştərilərdən ödənişlərin verilməməsi ilə bağlı şikayətlərin sayı kəskin azalıb və şikayətlər yalnız gecikmə və ya ödənişin tam verilməməsi ilə bağlı olur. Bütün bunlar ödənişlər sahəsində vəziyyətin tam yaxşılaşmasını proqnozlaşdırmağa əsas verir. O.Bayramov həmçinin bildirib ki, ASA ödənişlərlə bağlı olan problemlərin həlli üçün maraqlı tərəflərin və KİV-in iştirakı ilə toplantı keçirə bilər.

Ümumilikdə, ASA bu il ərzində bir sıra tədbir keçirməyə hazırlaşır. Bura həm sığorta forumu, sığorta agentlərinin forumunun keçirilməsi, həm də müxtəlif təbliğat tədbirlərinin həyata keçirilməsi aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR