Azərbaycanda keçirilən ilk qəbul imtahanında qeyri-adi hadisə baş verib

Azərbaycanda keçirilən ilk qəbul imtahanında qeyri-adi hadisə baş verib
# 15 may 2014 11:45 (UTC +04:00)

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, ata oğullarından birini digər oğlunun əvəzinə imtahanda iştirak etməsinə təhrik edib: “Belə ki, həmin atanın 2 oğlu ötən il ali məktəblərə qəbul imtahanında iştirak edib. Onlardan biri ötən il dövlət ali məktəbinə qəbul olunub. Digər oğlu isə qəbul olunmayıb və bu il əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında iştirak edib. Ali məktəbdə oxuyan qardaş bu il əvvəlki məzunların imtahanında iştirak etməli idi. Müəllim olan atası isə universitetdə oxuyan oğlunu Bakıdan çağıraraq, digər oğlunun yerinə imtahana göndərib. Lakin bu hal imtahan binasına giriş zamanı aşkarlanıb. Hazırda həm ali məktəbdə oxuyan oğul, həm də ata ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır”.

TQDK sədri qeyd edib ki, əvvəlki illərin məzunları üçün mayın 11-də II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin 30%-i 2013-cü ilin məzunudur. Onun sözlərinə görə, 2010-2013-cü il məzunları imtahanda iştirak edən abituriyentlərin 50%-ni təşkil edib: “Qalan 30% ondan əvvəl məktəbi qurtaranlardır. Bu nəticələr bizim ürəyimizi açmır. Bu ilin məzunlarının imtahanlarının nəticələri iyulda bəlli olacaq. Amma bir neçə nəticə var ki, II qrupda 2 nəfər 600 baldan yuxarı nəticə göstərib. III qrupda isə 3 nəfər 600-dan yuxarı bal toplayıb”.

M.Abbaszadə təəssüflə qeyd edib ki, ötən imtahanda qayda pozmağa cəhd edənlər olub. Onun sözlərinə görə, imtahanda neçə nəfərdə telefon aşkar olunub: “Nəsə keçirməyə cəhd edənlər cəzalandırılıb. Uşaq bilikli olmayanda valideyn çalışır ki, övladına qeyri-qanuni yollarla gün ağlasın. Bu məsələ həmin uşağın taleyinə də təsir göstərir. Növbəti imtahan I və IV qrupun əvvəlki illərin abituriyentləri üçün keçiriləcək. Burada kifayət qədər qızlar var. Qızlar hesab edir ki, qız olduqlarına görə onları yoxlamayacaqlar. İndidən xəbərdarlıq edirəm ki, heç kim heç bir vəsaiti imtahanda içəri keçirə bilməyəcək. Heç kəs əyri yollara əl atmasın. Bizim üçün ən çətin kontingent həmişə əvvəlki illərin məzunları olur. Əvvəlki illərin məzunları düşünür ki, onların imtahanı vermə təcrübəsi var. Hər bir abituriyent haqqında onun tarixçəsi var və biz onları bilirik. Normal nəticə göstərən uşaq normal yer tuta biləcək. Qızlar xüsusilə imtahan giriş zamanı saat yarım əvvəl gəlib qaydalara riayət etsə, problem olmaz. Heç kim kiminsə əvəzinə imtahana daxil olmasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR