İran Ərak ağır su nüvə reaktorunda bir sıra texniki dəyişikliklər etmək istəyir

İran Ərak ağır su nüvə reaktorunda bir sıra texniki dəyişikliklər etmək istəyir
# 08 fevral 2014 14:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın heç bir nüvə obyekti sökülməyib”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, İran könüllü şəkildə uranın 20% həddində zənginləşdirilməsini təxirə salıb: “Ancaq rəsmi Tehran uranın 5% səviyyəsində zənginləşdirilməsi işlərini davam etdirəcək. Ümumiyyətlə, İranın bütün nüvə fəaliyyətləri davam etdiriləcək. Cenevrə razılaşması nüvə sahəsində araşdırmalar aparmaq və inkişaf etdirmək işlərinə heç bir məhdudiyyət qoymayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında İranın yeni nəsil sentrifuqalarına sınaqdan keçirilməsi məqsədilə uran qazı yerləşdirilib”.

Ə.Ə.Salehi həmçinin deyib ki, bu gün Tehranda İranla agentlik arasında keçiriləcək nüvə danışıqları üç ay əvvəl AEBA-nın icraçı direktoru Yukiya Amano ilə əldə olunmuş razılaşmanın son mərhələsi kimi reallaşacaq: “İran-AEBA danışıqlarının “altılıq” ölkələri ilə aparılan nüvə müzakirələrinə təsir göstərməyəcəyinə ümid edirəm. İranla agentlik arasındakı müzakirələr səbirlə davam etməlidir”.

Vitse-prezident İrana qarşı təhdidlərə də toxunaraq, siyasi macərapərəstliktən qarşı tərəfin zərər görəcəyini vurğulayıb: “Hər iki tərəf altı ay müddətində düşməncə mövqedən uzaq qalmağa və etimad mühitinin təmin olunması üçün razılıq əldə olunmasına baxmayaraq, İrana qarşı düşməncə münasibət nümayiş etdirilir. Amma biz bir şey itirmirik, “altılıq” ölkələri isə qızıl fürsəti qaçırır. Bu cür açıqlamalar yalnız etimad mühitinin meydana gəlməsinə mane olar”.

Ə.Ə.Salehi bildirib ki, İranın Mərkəzi vilayətində yerləşən Ərak ağır su nüvə reaktoru fəaliyyətini davam etdirəcək: “Bu reaktor üzərində bir sıra texniki dəyişikliklər etmək mümkündür. Bu obyektdə nüvə silahı üçün plutonium istehsal olunduğu barədə fikirlər səhv bir yanaşmadır. Reaktor yalnız radioizotop və nüvə yanacağı sınağı kimi digər sınaqlar üçün istifadə ediləcək. Eyni zamanda bu obyektdə istehsal olunan 9 kq plutonium hərbi sahədə istifadə edilə bilməz. Ərak ağır su nüvə reaktorundan elmi araşdırmada istifadə edilir. Ancaq bununla belə, biz hansısa bir dəyişiklik etməklə Qərbin narahatlığını aradan qaldıra bilərik. İranın nüvə fəaliyyətləri tamamilə dinc məqsədlidir. Onsuz da İran AEBA ilə əməkdaşlıq edir və hər cür narahatlığın aradan qaldırılmasına milli mənfəətlərinin qorunması çərçivəsində cavab verməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR