Araz Əzimov: “Ukraynanın ərazi bütövlüyü və sabitliyi bizim üçün vacibdir” - VİDEO

Araz Əzimov: “Ukraynanın ərazi bütövlüyü və sabitliyi bizim üçün vacibdir” - <span style="color: red;">VİDEO
# 24 fevral 2014 08:23 (UTC +04:00)

Hazırda mübahisələr gələcək rəhbər kim olacaq mövzusu ətrafında gedir. Düşünürəm ki, bu əhvalatlar Ukrayna xalqının maraqlarına xidmət etmir. İqtisadi inkişaf və stabillik əvəzinə bu cür qanlı hadisələrin baş verdiyi şəraitdə nəyisə qabaqcadan demək çox çətindir. Ukraynanın gələcəyi ilə bağlı seçim stabil şəraitdə və bütün maraqlı tərəflərin iştirakı ilə düşünülə və müəyyənləşdirilə bilər”.

Bu sözləri jurnalistlərə açıqlamasında Ukraynada baş verən hadisələri şərh edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, Ukrayna Qərblə Şərq arasında sıxılan, nəhəng iqtisadiyyata malik bir ölkədir: “Bu ölkənin gələcəyi həm Şərqin, həm də Qərbin inkişafına təsir edə bilər. Çox güman ki, bu təsir düzgün şəkildə dəyərləndirilir, ona görə də bütün tərəflər bəyanat verir ki, Ukraynanın parçalanması və bölünməsi kiminsə maraqlarına uyğun olmaz. Bu, tamamilə düzgün bir mövqedir. Azərbaycan əlbəttə ki, Ukraynaya dost ölkədir, bu ölkə ilə bizim strateji tərəfdaşlığımız var. Azərbaycanın ərazi bütövlüyü və stabilliyi bizim üçün nə qədər vacib və prinsipialdırsa, Ukraynanın ərazi bütövlüyü və stabilliyi də o qədər vacibdir. Ukraynanın stabilliyi birbaşa Mərkəzi Avropanın stabilliyinə təsiredici bir faktordur”.

Ukraynada baş verən hadisələrdə xarici faktorun rolu barədə sualı cavablandıran A. Əzimov qeyd edib ki, Avropa Birliyinin üzvü olan ölkələr Ukraynadakı hadisələrdə əlbəttə ki, maraqlı tərəf kimi çıxış edir: “Onların nazirləri, nümayəndələri dəfələrlə Ukraynaya gedərək vasitəçilik etməyə, yaxud meydana yığılan müxalifətçilərə ürək-dirək verməyə çalışıblar. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland, AB-nin ali nümayəndəsi Ketrin Eşton dəfələrlə orada olublar. Bu insanlar əlbəttə ki, qonaq deyillər. Onlar arxalarında böyük siyasi təsirə və gücə malik olan dövlətləri təmsil edirlər. Əlbəttə ki, onların səfərləri, Kiyevdəki fəaliyyətləri hadisələrə təsir etməyə bilməz. Digər tərəfdən, ifşa edilmiş və internetə buraxılmış audio yazılar müxalifətin ayrı-ayrı şəxslərinin siyasi nüfuzuna təsir etməyə bilməz. Bu hadisələr hələ ki izlənilməlidir və onların təhlili hələ qabaqdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR