Azərbaycanla Dünya Bankı iqtisadiyyatın diversifikasiyasını müzakirə edib

Azərbaycanla Dünya Bankı iqtisadiyyatın diversifikasiyasını müzakirə edib
# 29 may 2014 12:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankının (DB) nümayəndələri arasında iqtisadiyyatın diversifikasiyası sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Nazirliyin “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər qazanılmış uğurlar ölkə iqtisadiyyatının daha da güclənməsinə, onun çoxşaxəli inkişafına və keyfiyyət baxımından təkmilləşməsinə təkan verib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, yeni müəssisələr və iş yerləri açılıb: “Ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, sosial layihələrin yüksək səviyyədə reallaşdırılması nəticəsində əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Hazırda Azərbaycan iqtisadiyyatının modernləşməsi, qazanılmış uğurların daha da möhkəmləndirilməsi, işgüzar mühitin davamlı olaraq dünyada mövcud mütərəqqi yeniliklərə uyğun təkmilləşdirilməsi, rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, qabaqcıl təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması istiqamətində işlər davam etdirilir”.

S. Həsənova Azərbaycanda beynəlxalq maliyyə-iqtisadi institutlarla, o cümlədən DB ilə əməkdaşlığa xüsusi önəm verildiyini, bu qurumla səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

DB-nin Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko bankın ölkəmizlə əməkdaşlığının Azərbaycanın müəyyənləşdirdiyi prioritetlərə uyğun qurulduğunu vurğulayıb, Azərbaycan iqtisadiyyatının inkişafını yüksək qiymətləndirib.

L. Leşçenko DB-nin insan kapitalının inkişafı və instutisional mexanizmlərin daha da təkmilləşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, qeyri neft sektorunun, habelə qeyri-neft sənayesinin inkişafı sahəsində Azərbaycanla əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Tədbirdə DB-nin Yoxsulluğun azaldılması və iqtisadi idarəetmə üzrə meneceri İvailo İzvorski məruzə ilə çıxış edib, iqtisadiyyatın şaxələndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR