Azərbaycanda “nurçu”luqla bağlı saxlanılan şəxs xəstəxanaya yerləşdirilib

Azərbaycanda “nurçu”luqla bağlı saxlanılan şəxs xəstəxanaya yerləşdirilib
# 28 iyun 2014 09:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda “nurçu”luqla bağlı saxlanılan şəxs xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanılan İsmayıl Məmmədovda vərəm xəstəliyi aşkar olunub. O, Ədliyyə Nazirliyi Penitensiar xidmətin ixtisaslaşdırılmış müalicə müəssisənə yerləşdirilib. Həmin müəssisədə vərəmli məhkumlar müalicə olunurlar.

Qeyd edək ki, Bakının Yasamal rayonunda keçirilən əməliyyat zamanı Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyev saxlanılıblar.

Hər üç şəxs Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.

Onu da qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.


Saxlanılan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR