Azərbaycan Geoməkan informasiyasının idarə olunması üzrə BMT-nin Regional Komitəsinin iclasında iştirak edir

Azərbaycan Geoməkan informasiyasının idarə olunması üzrə BMT-nin Regional Komitəsinin iclasında iştirak edir
# 30 oktyabr 2013 11:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Tehranda (İran) Asiya və Sakit Okean üçün Geoməkan informasiyasının idarə olunması üzrə BMT-nin Regional Komitəsinin ikinci plenar iclası işə başlayıb. İclasda Azərbaycan, İran, Çin, Bruney, Vyetnam, Yaponiya, Cənubi Koreya, İndoneziya, Fici, Monqolustan, Banqladeş, Malayziya və digər ölkələrin nümayəndə heyətləri iştirak edir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Komitənin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

«Təbii fəlakətlərin qarşısının alınmasında milli geoməkan informasiyası qurumlarının rolu» məruzəsi ilə çıxış edən Q.Məmmədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aparılan işlər barədə məlumat verib, bu sahədəki nailiyyətlər barədə, o cümlədən, aparılmış tədqiqat materiallarının təqdim olunması, yüksək dəqiqlikli geodeziya və kartoqrafiya işləri, kadastr və yer quruluşu materiallarının istifadəsi haqqında əyani misallarla diqqətə çatdırıb. Həmçinin, Komitənin materiallarının istifadəçiləri qeyd olunub, BMT-nin müvafiq regional komitəsinin ölkələri sırasında açıq istifadə üçün nəzərdə tutulmuş informasiya və təcrübənin mübadiləsi, təbii fəlakətlərin proqnozlaşdırılması sahəsində mütəxəssislərin bilik səviyyəsinin artırılması üçün önəmli platforma rolunu oynadığı vurğulanıb.

Tədbirdə bir çox ölkələrin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində Azərbaycanda bütün sahələr, o cümlədən, coğrafi informasiyaların idarə olunması sahəsində görülmüş işlər diqqətlə qarşılanıb, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarda çox ciddi mövqeyə malik olduğu xüsusi vurğulanıb.

Qeyd edək ki, Q.Məmmədov Asiya və Sakit Okean üçün Geoməkan informasiyasının idarə olunması üzrə BMT-nin Regional Komitəsi İcraçı Şurasının üzvüdür.

Tədbir bu gün işinə yekun vurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR