İran XİN rəhbəri: “Müzakirələrdə İran xalqının haqlarını rəsmi şəkildə tanımayan həll yolu qəbuledilməzdir”

İran XİN rəhbəri: “Müzakirələrdə İran xalqının haqlarını rəsmi şəkildə tanımayan həll yolu qəbuledilməzdir”
# 07 oktyabr 2013 07:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında davam edən nüvə müzakirələrində İran xalqının haqlarını rəsmi şəkildə tanımayan həll yolu qəbuledilməz və keçərsizdir”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran dövlət televiziyasının beşinci kanalının “Günəşli gecə” proqramında suallar cavablandırarkən bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələri BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində ilk dəfə nazirlər səviyyəsində olub: “Bu toplantıda ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniyanın xarici işlər nazirləri müsbət davranış nümayiş etdirdilər və İranın dinc məqsədli nüvə texnologiyasından yararlanmasını rəsmi şəkildə tanıdıqlarını söylədilər. Bir çox Qərb dövlətlərinin davranışlarına etimad göstərmirik. Çünki son bir neçə il ərzində İranın nüvə proqramında kiçik bir dəyişiklik baş verməsə də, rəsmi Tehranı yersiz və səbəbsiz olaraq BMT Təhlükəsizlik Şurasının təzyiqi altında qoydular. Bu isə etimadsızlıq mühiti yaradan amillərdəndir. Bizə qarşı olan bu etimadsızlıq ortadan qaldırılmalıdır”.

M.C.Zərif deyib ki, İranın BMT Baş Assambleyasının 68-ci sessiyasında mesajı İslam inqilabı düşüncəsini və dialoqunu ciddi olaraq bütün dünyaya təqdim etmək idi: “İsrail milyonlarla dollar sərmayə yatıraraq İranla bağlı istədiyi hər şeyi dünya xalqlarına sırımağı hədəfləyirdi. Ancaq İran nümayəndə heyətinin Nyu-Yorkdakı təmas və cəhdləri nəticəsində sionistlərin məqsədləri boşa çıxdı. Bu səfərdə İran nümayəndə heyət Fələstin xalqına böyük dəstək verdi və İsrailin özünü məzlum göstərərək digər nümayəndə heyətlərini də özləri ilə birgə yığıncağı tərk etməsinə icazə vermədi. BMT Baş Assambleyasının 68-ci sessiyası İran üçün çox yaxşı, amma İsrailin baş naziri Benyamin Netanyahu üçün çox pis keçdi. Netanyahu sessiyanın iclasın son günündə gələrək itmiş şərəflərini bir az olsun qazanmaq və İran nümayəndə heyətinin müvəffəqiyyətini kölgələmək istədi. Ancaq işğal altındakı torpaqlarda medianın belə müxalifəti ilə qarşılaşdı, hətta “The New York Times” qəzeti belə bu metodun artıq rəngini itirdiyini yazdı. İsrailin baş naziri Fələstin xalqına qarşı işlədiyi cinayətlərin cavabını vermək əvəzinə, məsələni digər yönə çəkmək və diqqətləri İran üzərində toplamağa çalışdı. Amma bu il bunda müvəffəqiyyətli ola bilmədi və bütün dünyanın necə böyük bir problemlə qarşı-qarşıya olduğunu söylədi”.

İran XİN rəhbəri vurğulayıb ki, ölkə prezidenti Həsən Ruhaninin ABŞ-a səfərindən sonra həmin ölkədə keçirilmiş sorğular da xalqın 75%-nin Tehranla problemlərin aradan qaldırılmasının yeganə yolunun siyasi dialoqdan keçdiyini göstərdi: “Halbuki bundan iki ay əvvəl ABŞ xalqının 49%-i yeganə həll yolunun hərbi variant olduğuna rəy vermişdi”.

M.C.Zərif həmçinin oktyabrın 15-16-da Cenevrə şəhərində İranla “altılıq” ölkələri arasında keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrinə də münasibət bildirib: “Biz müzakirə mövzusunda çox ciddiyik və söylədiyimiz sözün arxasında olduğumuzu da daha əvvəl sübut etdik. Amma Netanyahu kimi şəxslərin də bizim gündəmi müəyyənləşdirməsinə və ya bizim milli şərəfimizlə oynamasına icazə vermərik. Allahın köməyi sayəsində qərarlı addımlarla İran xalqının haqlarından vaz keçməməklə Cenevrə müzakirələrinə qatılacağıq. Biz müzakirələrdən çəkinmirik. Çünki bir şey itirəcəyik deyə hansısa bir narahatlığımız yoxdur. Biz güclü olduğumuza inanırıq və gücümüz də topla, tankla deyil, müstəqilliyimiz və ictimai sərmayələrimizdən qaynaqlanır. Biz müzakirə masasında ölkənin mənfəətlərini izləyəcəyik. Orada uranın zənginləşdirilməsi maddəsini müzakirə mövzusu etməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR