Şəhid Fərid Əhmədova həsr olunmuş “Hay ver mənə, leytenant” filminin təqdimatı keçirilib

Şəhid Fərid Əhmədova həsr olunmuş “Hay ver mənə, leytenant” filminin təqdimatı keçirilib
# 21 yanvar 2014 13:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Ordusunun 2010-cu ildə ermənilərlə döyüşdə şəhid olmuş, “İgidliyə görə” medalına layiq görülmüş zabiti Fərid Əhmədovun ömür yolundan bəhs edən “Hay ver mənə, leytenant” adlı filmin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov F. Əhmədovun keçdiyi həyat yolundan danışaraq bildirib ki, o, Azərbaycan xalqının düşmənlərinə qarşı qəhrəmancasına vuruşub və şəhid olub: “Fərid 2009-cu ildən Tərtərdə xidmət çəkməyə başlayıb. 2010-cu ilin sentyabrın 4-də isə düşmən gülləsinə tuş gələrək öldürülüb. Məhz Azərbaycan prezidentinin səyi nəticəsində Fəridin cənazəsi Azərbaycana gətirilib və şəhid kimi torpağa tapşırılıb”.

Millət vəkili Qənirə Paşayeva çıxışında bu cür filmlərin hazırlanmasına hər zaman ehtiyac olduğunu qeyd edib: “Şəhidlik bir zirvədir. Azərbaycan xalqı yaşadıqca şəhidlər bu zirvələrdə xatırlanacaq. Bu gün milli qəhrəmanlarımızın, şəhidlərimizin həyat yolu ilə bağlı çəkilən filmlərin, nəşr olunan əsərlərin sayı artırılmalıdır. Çünki bu, gənclərimizin şəhidlərimizdən örnək götürməsi üçün vacibdir”.

Sonra F. Əhmədova həsr olunmuş “Hay ver mənə, leytenant” adlı film nümayiş etdirilib. Filmdə şəhidin yaxın qohumları onun barəsində xatirələrini bölüşüblər. Filmin layihə rəhbəri Bəxtiyar Qaraca, ssenari müəllifi Kəmalə Mirzəyevadır.

Qeyd edək ki, film Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR