AMEA Geologiya İnstitutunda fundamental və tətbiqi geologiya elmi ilə bağlı V beynəlxalq konfrans keçirilir

AMEA Geologiya İnstitutunda fundamental və tətbiqi geologiya elmi ilə bağlı V beynəlxalq konfrans keçirilir
# 14 noyabr 2013 08:41 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda Heydər Əliyevin 90 illiyinə həsr edilən “Fundamental və tətbiqi geologiya elmi gənc alimlərin gözü ilə: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” mövzusunda V beynəlxalq konfrans keçirilir.

APA-nın məlumatına görə, tədbirdə Rusiya, Polşa, Ukrayna, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan və digər Avrasiya ölkələrinin təhsil və elm müəssisələrindən gənc tədqiqatçılar iştirak edir. Azәrbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәti vә BP-nin dәstәyi ilә keçirilәn konfransda məqsəd geologiya sahəsində tədqiqat aparan yerli gənc alimlərin beynəlxalq elm cəmiyyətinə inteqrasiyasının təmin olunması və müasir elmi yanaşmalara əsasən inkişaf etdirilməsidir. Konfransda iştirakla bağlı müraciət edənlərin sayı 200-dən artıqdır.

Konfransda çıxış edən İnstitutun Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sözlərinə görə, bu cür konfranslar gənc alimlərin yer elmləri sahəsində elmi tədqiqat təcrübələrinin artmasına və elmi yöndə ixtisaslaşmalarına yardımçı olur: "Tədbir dünya təcrübəsindəki metodika və yanaşmaları nümayiş etdirməklə bərabər alimlərimizin xarici həmkarları ilə birgə elmi tədqiqat və təcrübə mübadiləsi aparmalarına da şərait yaradır".

AMEA Yer Elmləri bölməsinin akademik katibi Fəxrəddin Qədirov çıxışında bildirib ki, konfransda 14 ölkədən 60 və Azərbaycandan olan 100-dən çox gənc alim elmi nəticələri haqda məruzələr edəcək və fikir mübadiləsi aparacaq: "İnanıram ki, tədbir konstruktiv və yaradıcılıq atmosferi şəraitində işini davam etdirəcək və burada qəbul edilən qərarlar yer elmlərinin inkişafında böyük əhəmiyyət daşıyacaq. Konfrans eyni zamanda Azərbaycanın modernləşməsində və texnoloji inkişafında aktiv iştirakı olacaq yeni nəsil tədqiqatçıların hazırlanması naminə beynəlxalq əlaqələrin effektiv inkişafına təkan verəcək".

Konfrans işini məruzələrlə davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR