Xələf Xələfov Meksika Senatının nümayəndə heyətini qəbul edib

Xələf Xələfov Meksika Senatının nümayəndə heyətini qəbul edib
# 14 yanvar 2014 14:15 (UTC +04:00)

Bakı - APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Meksika Senatının nümayəndə heyəti ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Senatın Xarici əlaqələr komitəsinin sədri Qabriela Cuevas Barron rəhbərlik edir.

X. Xələfov Azərbaycanın Latın Amerikası ölkələri və Meksika ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. Azərbaycanla Meksika arasında mövcud siyasi əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu söyləyən nazir müavini, əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin xüsusi rola malik olduğunu vurğulayıb.

X. Xələfov Azərbaycan və Meksikanın bir çox beynəlxalq məsələlər üzrə yaxın mövqedən çıxış etdiklərini, Meksikanın qanunverici orqanında Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qəbul edilmiş sənədləri yüksək qiymətləndirdiklərini söyləyib.

Senator Qabriela Cuevas Barron isə Azərbaycanın çox önəmli ölkə olduğunu qeyd edərək, son on ildə ölkənin əldə etdiyi inkişaf göstəricilərinin heyranlıq doğurduğunu bildirib. O, Azərbaycanın iqtisadi və sosial sahədə əldə etdiyi nailiyyətlərinin və inkişaf təcrübəsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR