Mətbuat Şurasında seçkilərlə bağlı yaradılan “Qaynar xətt”ə indiyədək müraciət daxil olmayıb

Mətbuat Şurasında seçkilərlə bağlı yaradılan “Qaynar xətt”ə indiyədək müraciət daxil olmayıb
# 09 oktyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün saat 12.00-dək Mətbuat Şurasında 9 oktyabr prezident seçkiləri ilə əlaqədar yaradılan “Qaynar xətt”ə prosesi işıqlandıran jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb.

Mətbuat Şurasından APA-ya verilən xəbərə görə, müxtəlif yerlərdə seçkini izləyən monitorinq qrupunun üzvləri də media təmsilçilərinin peşə fəaliyyətini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar. Bundan başqa MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavini Umud Rəhimoğlu Binəqədi, Şuranın İdarə Heyətinin üzvlərindən - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Beyləqan, Füzuli və Xocavənd rayonunun seçki məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyəti ilə tanış olublar. Bununla bağlı hər hansı neqativ cəhət qeydə alınmayıb.

Qeyd edək ki, prezident seçkisi ilə əlaqədar olaraq Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərir. Səsverməyə start verildiyi andan Şuranın (012) 441 35 96 və (055) 201 99 26 telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Məqsəd seçki prosesini işıqlandıracaq jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə dəstək olmaq, mövcud istiqamətdə yarana biləcək problemlərin operativ aradan qaldırılmasını təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR