“Elektron hökumət” portalına xarici ölkə vətəndaşları üçün yeni bölmə əlavə edilib

“Elektron hökumət” portalına xarici ölkə vətəndaşları üçün yeni bölmə əlavə edilib
# 22 noyabr 2013 15:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Elektron hökumət” portalına (www.e-gov.az) xarici ölkə vətəndaşları üçün “Qeyri-rezident” adlı yeni bölmə əlavə edilib.

APA-Economics”in “Elektron hökumət” portalına istinadən verdiyi məlumata görə, “Qeyri-rezident” bölməsində ilk olaraq üç dövlət qurumu - Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz elektron xidmətlərini yerləşdirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət KİV nümayəndələri üçün nəzərdə tutulub. Sözügedən elektron xidmət “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu” adlanır. Bu xidmət xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasına səfər etməzdən öncə akkreditasiya üçün zəruri olan sənədləri təqdim etməklə akkreditasiyasının XİN tərəfindən təmin edilməsi məqsədilə xarici KİV nümayəndəsinin müraciətinin araşdırılmasını, həyata keçirilməsini və cavablandırılmasını əhatə edir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət istənilən ölkənin vətəndaşı üçün daim aktual bir məsələ ilə bağlıdır və bu, “Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu” adlanır: “Bu e-xidmət Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulub”.

Diasporla İş Üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmət isə xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub və bu xidmət “Xaricdə yaşayan azərbaycanlıların elektron müraciəti” adlanır. Bu xidmət vasitəsilə Azərbaycandan kənarda yaşayan həmyerlilərimiz onları maraqlandıran istənilən məsələni elektron müraciət formasında Diasporla İş Üzrə Dövlət Komitəsinə yaza bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR