Hadı Rəcəbli: “Uşaqlar üçün nəzərdə tutulan sanator-kurort xərclərinin artırılmasına ehtiyac var”

Hadı Rəcəbli: “Uşaqlar üçün nəzərdə tutulan sanator-kurort xərclərinin artırılmasına ehtiyac var”
# 29 oktyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində uşaqlar üçün nəzərdə tutulan sanator-kurort xərclərinin artırılmasına ehtiyac var”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli söyləyib.

DSMF-nin büdcəsinin hiss olunacaq dərəcədə artdığını bildirən H.Rəcəbli deyib ki, gələn il uşaqların sanator-kurort xərcləri üçün 288 min manat nəzərdə tutulub: “Uşaqların sanator-kurort xərcləri üçün nəzərdə tutulan vəsaitin 500 min manata qədər artırılmasını təklif edəcəyik. Çünki uşaqlar üçün sanator-kurort xidmətlərinin genişləndirilməsi ilə bağlı yeni qanunlar qəbul etmişik, bu sahəyə daha çox vəsaitin yönəldilməsinə ehtiyac var”.

H.Rəcəbli bildirib ki, bu illə müqayisədə DSMF-nin büdcə layihəsində 300 milyon manat artım nəzərdə tutulub. Artım bu, əsasən məcburi dövlət sosial sığorta yığımları hesabına təmin ediləcək və pensiyaların baza hissəsinin artımına yönəldiləcək. Ümumiyyətlə, DSMF-nin gəlir və xərcləri 2 milyard 929 milyon manat proqnozlaşdırılır. Bunun 1 milyard 780 milyon manatı məcburi dövlət sosial sığorta yığımları hesabına formalaşacaq.

Gələn il ehtiyac meyarının 100 manat, yaşayış minimumunun 125 manat nəzərdə tutulduğunu qeyd edən Sosial siyasət komitəsinin sədri bu göstəricilərin qaneedici səviyyədə olduğunu vurğulayıb: “Bu göstəricilər 10 il əvvəlki göstəricilərlə müqayisə edilə bilməz. Digər tərəfdən, ehtiyac meyarı və yaşayış minimumunun zaman-zaman artması gözlənilir. Bu il də artım olub və bu, müsbət haldır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR