Artilleriya generalı Əliağa Şıxlınskinin doğum günü qeyd olunub - FOTOSESSİYA - VİDEO

Artilleriya generalı Əliağa Şıxlınskinin doğum günü qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 aprel 2014 13:39 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Demokratik Cümhuriyyətinin hərbi nazirinin müavini, tanınmış artilleriya generalı Əliağa Şıxlınskinin doğum günü qeyd olunub.

APA-nın məlumatına görə, bu münasibətlə Ə. Şıxlınskinin məzarı önündə keçirilən tədbirə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə müdafiə naziri Zakir Həsənovun adından general Ə. Şıxlınskinin məzarlı önünə əklil qoyulub.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Əliağa Şıxlınskinin dünyanın hərb tarixində müstəsna yeri olduğunu deyib. O, ötən əsrin 90-cı illərində bir qrup Azərbaycan zabitinin general Şıxlınskinin adının əbədiləşdirilməsi təklifini irəli sürdüyünü diqqətə çatdırıb.

Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov ilk dəfə 1993-cü ildə Nazirliyin Hərbi Elmi Mərkəzində Ə. Şıxlınskinin doğum gününün qeyd olunduğun xatırladıb. Nazir müavini general Şıxlınskinin Azərbaycan Ordusunun yaradılmasının əsas ideya müəlliflərindən olduğun qeyd edib.

Tədqiqatçı Şəmistan Nəzirli isə Ə. Şıxlınskini tək nümunəvi zabit, general deyil, eyni zamanda hərb elminin inkişafında böyük rol oynadığın deyib: “Şıxlınski Azərbaycan ordusunun yaradılmasının əsas təşəbbüskarıdır. Çar Rusiyasında minlərlə general olduğu halda “artilleriya allahı” adını almış, Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilmiş yeganə generaldır”.

Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ə. Şıxlınskinin xatirəsinə həsr olunmuş fotosərgiyə baxış keçirilib. Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Qeyd edək ki, Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşub. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırılıb. Ona 1912-ci ildə general-mayor rütbəsi verilib. Ə. Şıxlınski 1918-ci ilin iyun ayında Gəncədə Azərbaycan Demokratik Cümhuriyyətinin ilk alayını yaradıb. 1918-ci ilin dekabr ayında isə hərbi nazirin müavini təyin edilib.

Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR