AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi qeyd olunub - FOTO

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTO
# 17 yanvar 2014 10:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi qeyd olunub.

APA-nın xəbərinə görə, yubiley mərasimində çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Ədəbiyyat İnstitutu tarixin bütün dövrlərində Azərbaycanda ədəbiyyatşünaslıq elminin, humanitar düşüncə və milli ideologiyanın inkişafında böyük xidmətləri olub.

Onun sözlərinə görə, keçmiş sovet ideologiyasının ən sərt dövrlərində belə ədəbiyyat və ədəbiyyatşünaslıq elmi milli birlik, vətənpərvərlik ideyalarının qorunub saxlanmasında xidmət göstərə bilib: “Akademiyanın institutu da ədəbiyyat, dil, mədəni inkişafa öz təsirlərini göstərib. Ədəbiyyat İnstitutu fəaliyyəti dövründə Azərbaycana bir çox görkəmli alimlər bəxş edib. Son dövrlərdə institutda baş verən yeniliklər də ədəbiyyatşünaslığın inkişafına imkan yaradacaq”.

Ədəbiyyat İnstitutunun direktor əvəzi, akademik İsa Həbibbəyli bildirib ki, elmi müəssisə müstəqil Azərbaycan dövlətinin elm və ədəbiyyat siyasətinin həyata keçirilməsində özünəməxsus işlər görüb. Onun sözlərinə görə, burada ictimai və humanitar elmlər, ədəbiyyatşünaslığın inkişafı bir sıra mərhələlərdə həyata keçirilib: “Ədəbiyyat İnstitutu əməkdaşlarının səyləri nəticəsində “Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi” adlı 7 cildlik əsər yazılır. Bunun 4 cildi artıq işıq üzü görüb, digər 3 cild isə hazırlanmaq üzrədir”.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva bildirib ki, ədəbiyyat böyük düha və aləmdir. Onun sözlərinə görə, ədəbiyyat xalqları, fikirləri, insaniyyəti birləşdirir: “Bədii söz insanı göylərə ucaldır, ruh verir, mənən zənginləşdirir, daxilən təmizləyir, elmi şərh isə insanı ədalətə, yerdəki qanunlara bağlayır. Bu da qanunların ali, ədalətli olmasına gətirib çıxarır. Bütün bunlar isə ədəbiyyatın, sözün, bədii fikrin gücüdür. Dünyada ədəbiyyat qədər ictimai fikrə, insana, cəmiyyətə təsir edən ikinci güc, silah yoxdur”.

Tədbirin davamında çıxış edən alimlər, ziyalılar da Ədəbiyyat İnstitutunun tarixi barədə fikirlərini bölüşüb və təbriklərini çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR