Əli Hüseynli: “Hakimlərin cəzalandırılması məsələsinə çox ehtiyatla yanaşıram”

Əli Hüseynli: “Hakimlərin cəzalandırılması məsələsinə çox ehtiyatla yanaşıram”
# 12 iyun 2014 12:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda qanunların icrası sahəsində ciddi problemlər görmürəm, epizodik problemlərə rast gəlinir ki, bu da bütün ölkələrdə olur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli bildirib ki, Azərbaycan əhalinin say nisbətinə görə Avropa İnsan Haqları Məhkəməsinə barəsində ən az şikayət daxil olan ölkələr sırasındadır: “Azərbaycan əleyhinə qəbul olunmuş qərarların da nisbətinə baxılsa, biz yaxşı vəziyyətdəyik”.

Parlamentin komitə sədri pozuntulara yol verən hakimlərlə bağlı cəzaların artırılmasına ehtiyac olmadığını söyləyib: “Onsuz da qanunvericiliyimiz bu məsələni çox dəqiq tənzimləyir. Ümumiyyətlə, hakimlərin cəzalandırılması məsələsinə çox ehtiyatla yanaşıram, çünki hakimlərin müstəqilliyi məsələsi var. Onsuz da Məhkəmə-Hüquq Şurası bu sahədə çox ciddi addımlar atır. Hakim korpusuna nümayiş etdirir ki, istənilən hər hansı pozuntu halları aşkar edilirsə, ona qarşı barışmaz mövqe tutulur. Eyni zamanda elə düşünmək də düzgün deyil ki, vətəndaş, vətəndaş cəmiyyəti məhkəmə hakimiyyəti barədə söylədiklərinin hamısında haqlıdır. Uduzan, narazı qalan tərəflər olur, amma hüquqi baxımdan ədalətli qərar olur. Amma biz də elə etməliyik ki, vətəndaşın məhkəmə hakimiyyətinə inamını artıraq. Elə etmək lazımdır ki, məhkəmə hakimiyyətinin işi cəmiyyət üçün daha açıq olsun. Ona görə də prezident elektron məhkəmə sisteminin yaradılması barədə fərman verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR