Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 57-ci iclası keçirilir

Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 57-ci iclası keçirilir
# 04 aprel 2014 07:12 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, iclası açıq elan edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib ki, turizm standartlarının tətbiqi, qanunvericiliyin inkişaf etdirilməsi çox vacibdir.

Onun sözlərinə görə, rəqabət ölkələrə əməkdaşlıq üçün bir çox imkanlar yaradır: “Turistlər regiondakı bir yox, bir neçə ölkəyə səfər etməyə üstünlük verirlər. Azərbaycanda turizm yeni tələblərə uyğun inkişaf etdirilir. Turizm agentliklərinin sayının artması, hotellərin tikintisi, bir çox maneələrə baxmayaraq, turistlərin Azərbaycana səfəri göz önündədir. Biz beynəlxalq təcrübəni öyrənirik. Artıq 3 illik marketinq proqramını tərtib etmişik, Rusiya və Almaniyada nümayəndəliklər açmışıq”.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Broek qeyd edib ki, statistikaya əsasən, turizm dünyada ən əhəmiyyətli sektorlardan biridir və yeni iş yerlərinin yaradılması üçün mühüm sahədir: “Səfərlərin 14 faizi peşəkar səfərlərdir. Azərbaycanda böyük neft-qaz ehtiyatları var və bu, ölkəyə peşəkar səfərləri şərtləndirilir. Digər tərəfdən, özəl biznesin artan səfərlərini dəstəkləmək zəruridir. Azərbaycanda neft və qaz sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi prosesi baş verir, 2020-ci il üçün İnkişaf Strategiyası qəbul olunub. Bu strategiyada da iqtisadiyyatın şaxələndirilməsi əksini tapıb. Azərbaycanın tarixi əraziləri turizmin inkişafı üçün əlverişlidir”.

A.Broek turizmin inkişafı üçün kadr hazırlığı və infrastrukturun inkişafının zəruri olduğunu vurğulayıb: “Bu baxımdan BMT, BMÜTT, Mədəniyyət və Turizm Nazirliyi birgə fəaliyyət ortaya qoyub, Turizm İnstitutu yaradılıb. Kadr potensialı nə qədər yüksək olsa, tərəfdaşlıq bir o qədər inkişaf edəcək, ölkəyə yatırılan investisiya artacaq. Azərbaycan hökuməti turizmdə bir çox istiqamətlərə dəstək verir. Azərbaycanın İpək Yolu üzərində yerləşməsi nəzərə alınsa, bu səylər ölkədə və regionda turizmin inkişafına yol açacaq. Turizmin iqtisadi və sosial sahədə çəkisi artır”.

A.Broek hazırda BMT-nin 2016-2020-ci illər üzrə İnkişaf Proqramının hazırlandığını xatırladıb: “Turizm bu İnkişaf Proqramında nəzərə alına bilər. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edə bilərik”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanda çimərlik, qış turizmi üçün imkanlar olduğunu xatırladıb: “Hələ də turizm Azərbaycanda ümumdaxili məhsulda 2 faiz təşkil edir. Bu, çox aşağı rəqəmdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR